Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəblilərinin səfəri başa çatdı

21 noyabr 2019 | 11:00

Yasamal rayonunun ümumtəhsil müəssisələrinin IX-X-XI sinif şagirdləri “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl bölgələrinə səfər ediblər. Prezident İlham Əliyevin tövsiyəsi ilə reallaşan 12-ci tur-aksiyanın əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, ölkə başçısının qətiyyəti və iradəsi ilə respublikamızın dinamik inkişafı, abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdan ibarətdir.

Səfər çərçivəsində məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, tarixi məkanlar, yeni tikililər, turizm iqtisadiyyatı və multikulturalizm ənənələri, həmçinin 200 il əvvəl salınan alman məskənləri ilə tanış olublar.

Maarifləndirici tur-aksiya iştirakçılarının üz tutduqları ilk məkan böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Əvvəlcə, məktəblilər Nizaminin və şairin valideynlərinin qəbrini ziyarət ediblər. Məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə 14-cü əsrdə tikilib. Bu vaxta qədər şairin məzarı üzərində müxtəlif əsrlərdə 4 dəfə türbə tikilsə də, onların heç biri bu qədər möhtəşəm və əzəmətli olmayıb. Ümumi hündürlüyü 24 metr olan hazırkı türbənin inşasında qırmızı qranitdən istifadə edilib. Şagirdlər türbə ətrafında yaradılan şəraitlə tanış olub, Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxıb, şəkillər çəkdiriblər. Daha sonra tur-aksiya iştirakçıları Nizami Gəncəvi Muzeyinə gəliblər. Bildirilib ki, muzeyin binasının təməli 2013-cü ildə qoyulub, bir il sonra isə Prezident İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı istifadəyə verilib. Dahi şairin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı fərman və sərəncamları sərgilənir. Tur-aksiyanı davam etdirən məktəblilərin üz tutduqları növbəti məkan “Qala” Arxeologiya və Etnoqrafiya Muzey Kompleksi olub. Bildirilib ki, muzey Gəncənin qala divarları formasında, bişmiş qırmızı kərpicdən inşa edilib. Yeni yaradılan bu abidə vaxtilə şəhərin 5 qapısından biri olan “Məqbərə” qapısının bərpa edilən variantıdır. Rəmzi olaraq Gəncənin qala divarları formasında inşa edilən tikili hazırda muzey kompleksi kimi fəaliyyət göstərir. Eksponatlarla tanışlıqdan sonra məktəblilər rəmzi qala bürcünün ən yüksək zirvəsindən şəhərin mənzərəsini seyr ediblər. Müsəlman dünyasının müqəddəs ziyarətgahlarından olan İmamzadə Dini Memarlıq Kompleksi ilə tanışlıq da şagirdlər üçün maraqlı keçib. İmamzadə ziyarətgahı əsrlər boyu insanların üz tutduğu müqəddəs məkanlardan olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə ziyarətgahda geniş quruculuq və abadlıq, yenidənqurma işləri həyata keçirilib.

Daha sonra tur-aksiya iştirakçıları Heydər Əliyev adına meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar. Məktəblilər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam, Uğurlu xan karvansarayı ilə tanış olub, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın türbəsini ziyarət ediblər.

Tur-aksiya iştirakçıları daha sonra Məhsəti Gəncəvi adına Mərkəzə gəliblər. Məlumat verilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanılıb. Bundan başqa, mərkəzdə muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu fəaliyyət göstərir.

Tur-aksiya iştirakçıları Şəmkir şəhərində ilk olaraq Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Belə ki, mərkəzin daxilində yan divarlarda Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolara baxan hər kəs irəlilədikcə istər-istəməz yüksəkliyə qalxmış olur. Bu cür memarlıq həlli isə həm rəmzi məna daşıyır, həm də ümummilli lider Heydər Əliyevin yüksələn siyasi fəaliyyətini əks etdirir. Sonra şagirdlər tur-aksiya çərçivəsində Şəmkir Rayon Tarix-Diyarşünaslıq və Etnoqrafiya Muzeyinə gəliblər. Burada sərgilənən bir çox tarixi eksponatlar, xüsusən son dövrlərdə qədim Şəmkir ərazisində aparılan arxeoloji qazıntılar vaxtı aşkarlanan maddi-mədəniyyət nümunələri, eramızdan əvvəlki dövrdə Şəmkirin qədim Misirlə ticarət əlaqələrini sübut edən böyük sütun altlıqları haqqındakı məlumatlar məktəblilərin marağına səbəb olub.Şəhərin ictimai və tarixi binalarının ətrafında, istirahət parklarında ucaldılan, Şəmkirin tarixini və etnoqrafiyasını özündə əks etdirən bir sıra heykəllər də məktəblilərin diqqətini çəkib. Onlara XIX əsrdə Alman koloniyaçıları tərəfindən salınan, çatmatağlı, taxta aynabəndli, eyvanlı, üstü kirəmitli binalar, enli, təmiz və səliqəli küçələr, bir sözlə, bu şəhərdə tarixin yadigarları kimi qorunan bir çox dəyərli abidələr haqqında ətraflı məlumat verilib.

Göygöl rayonu ilə tanışlıq Heydər Əliyev Mərkəzindən başlayıb. Məktəblilər vaxtilə almanlar tərəfindən salınan küçələri gəzib, Qədim Lütran kilsəsində olublar. Açıq səma altında ölkəmizin multikultural ənənələrinin əks olunduğu muzeyi xatırladan Göygöl şəhəri tur-aksiya iştirakçılarında zəngin təəssürat yaradıb, burada onlar xatirə olaraq yaşıllıq zonasında ağaclar əkiblər.Məktəblilərin rayonla tanışlığı çərçivəsində səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub.

Noyabrın 21-də Yasamal məktəblilərinin səfəri başa çataraq zəngin təəssüratlarla paytaxtımıza geri dönüblər.

Keçidlər