Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Məhkəməsində ədliyyə işçilərinin peşə bayramı qeyd olundu

22 noyabr 2019 | 11:00

22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə noyabrın 22-də Yasamal Rayon Məhkəməsində tədbir keçirildi.

Yasamal Rayon Məhkəməsinin sədri Araz Hüseynov qonaqları salamlayaraq Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 101 illiyi tamam olduğunu vurğuladı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir. .

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edərək müasir Azərbaycan ədliyyəsinin yaranması - Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə eyni günə - 1918-ci il mayın 28-nə təsadüf etdiyini bildirdi. Bu, Cümhuriyyətin ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyətinin göstəricisi idi. Həmin tarixdən başlayaraq, Azərbaycan ədliyyəsi böyük və sürətli inkişaf yolu keçib, mühüm nailiyyətlər qazanıb. Belə ki, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib, o cümlədən 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Elşad Həsənov qeyd etdi ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra inqilab komitəsinin 1920-ci il 13 may tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilib. Yeni yaradılan Xalq Ədliyyə Komissarlığının səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib. 1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib. Lakin 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni təsdiq edilən Əsasnaməsi ilə bu qurumun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub. Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis olunması ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis olunaraq sabit fəaliyyəti təmin edilib, nazirlik məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib. Ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün əlverişli zəmin yaranıb. 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, nazirliyə vəzifələr həvalə edilib, strukturu təkmilləşdirilib. Müstəqillik dövründə ilk dəfə olaraq - dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub və Azərbaycan Prezidenti tərəfindən “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb. Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” təsdiq edilərək həyata keçirilib. Prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamı ölkəmizdə dövlət xidmətlərinin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə olunması, innovativ həllərin tətbiqi dövlət siyasətinin prioritetlərindən biri olmaqla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılması baxımından son dərəcə əhəmiyyətli oldu. Məhkəmə sisteminə elektron idarəetmənin daha mütərəqqi tətbiqi baxımından bu layihə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatına layiq görülüb

Çıxış edənlərdən Yasamal rayon prokuroru Rasim Hacıyev, Yasamal rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov, DTX-nin Yasamal rayon İdarəsinin rəisi Pərvin Əsədov, SHXÇ üzrə DX-nin Yasamal rayon İdarəsinin rəisi Polad İbrahimov öz təbriklərində hər bir demokratik cəmiyyətdə müstəsna əhəmiyyət daşıyan məhkəmə hakimiyyətinin müstəqilliyinə xidmət edən bu cür köklü və sistemli islahatların uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlərin qazanıldığını vurğuladılar.

Sonra videocarx nümayiş olundu.

Sonda Yasamal rayon Məhkəməsinin bir qrup əməkdaşları rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olundular.

Keçidlər