Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri Gəncəyə yola düşdülər

18 noyabr 2019 | 11:00

Noyabrın 18-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-X-XI siniflərində təhsil alan 40 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncə şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşdılar.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, artıq altıncı ildir Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb. Bu layihənin əsas məqsədi gənclərdə ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri barəsində əyani təsəvvür yaratmaq, onlarda vətənpərvərlik hisslərini yüksəltməkdir. Altı il ərzində həyata keçirilən on iki aksiya çərçivəsində 27 minə yaxın gənc bölgələrimizə səfər edib. On ikinci aksiyada 3 mindən çox gənc iştirak edir. Bununla da “Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 30 mindən çox olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində bu gün Yasamal rayonundan olan 40 məktəbli Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə yola düşərək tarixi məkanlarla, yeni tikililərlə, adət-ənənələrlə yaxından tanış ola biləcəklər.

Tur-aksiya iştirakçısı, Yasamal rayonu 158 saylı tam orta məktəbin şagirdi Fəridə Hacızadə layihədə iştirak etdiyi üçün sevincli olduğunu bildirərək dedi: “Kitablarda, dərsliklərdə oxuduğumuz, öyrəndiyimiz məlumatları əyani şəkildə görmək bizim üçün çox faydalı olacaq. Bütün şagirdlərin bu aksiyanın iştirakçısı olmasını istərdim. Bizə belə şərait yaratdığı üçün ölkə başçısına minnətdaram”.

173 saylı tam orta məktəbin şagirdi Azər Məlikov aksiyanın onlara Vətənimizin gözəl guşələrini görmək, tarixi abidələrimizlə yaxından tanış olmaq şansı verəcəyini qeyd etdi. O, tur-aksiyada iştirakından məmnunluğunu ifadə edərək, yaradılan imkana görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Tədbirdə 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Dan ulduzu” rəqs qrupu, mahnı-xor kollektivi və gimnastlar qrupu çıxış etdilər. İncəsənət gimnaziyasının 10-cu sinif şagirdi, tur-aksiyanın iştirakçısı olan Rəşad Cavadov isə qarmonda gözəl ifa etdi.
Sonda xatirə şəkli çəkdirildi və iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Gəncə şəhərinə yola salındılar.

Keçidlər