Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon Heydər Əliyev Mərkəzində Bayraq gününə həsr olunmuş tədbir keçirildi

08 noyabr 2019 | 11:00

Noyabrın 8-də Yasamal rayon Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə AMEA-nın Tarix İnsititutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhrəmov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli, Yasamal Rayon Müharibə və Əmək Veteranları şurasının sədri Vaqif Məmmədov, Türkiyədə fəaliyyət göstərən Avrasiya bülleteni xəbər portalının rəhbəri Ülkər Piriyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllim və tələbə kollektivi, 21 və 225 saylı tam orta məktəblərin müəllim və şagird kollektivləri iştirak etdilər.

Əvvəlcə qonaqlar mərkəzin foyesində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin əl işlərindən ibarət “Bayrağımız qürur mənbəyimizdir” adlı sərgi ilə tanış oldular. Yasamal rayonu 225 və 21 saylı tam orta məktəb şagirdləri Dövlət Bayrağımıza həsr olunmuş mahnı və rəqs kompozisiyası ilə çıxış etdilər.

Sonra Tədbir iştirakçıları Mərkəzin Muzey bölməsi ilə tanış oldular, Ulu öndərin büstünü ziyarət edərək, əziz xatirəsini yad etdilər, büstün önünə gül-çiçək dəstələri qoydular.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq Azərbaycanın üçrəngli Dövlət Bayrağının Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunduğunu qeyd etdi. Bu əlamətdar günün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı günü kimi qeyd olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.

AMEA-nın Tarix İnsititutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhrəmov çıxışında Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağının milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs və dövlətçilik rəmzlərindən birinə çevrildiyini, bizim azadlıq məfkurəmizə, milli mənəvi dəyərlərimizə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirdiyini qeyd etdi.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli öz çıxışında bildirdi ki, ölkəmizdə Dövlət Bayrağı gününün qeyd olunması həm dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni zamanda keçib gəldiyimiz tarixi yola qısa bir nəzər salmaq imkanıdır.

Sonra 9 noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş film nümayiş olundu.

Sonda Yasamal rayon 225 saylı orta məktəbin şagirdlərinin ifasında B.Vahabzadənin “Bayraq” və Əhməd Cavadın “Azərbaycan Bayrağı” şerləri səsləndirildi və rəqslər ifa olundu.

Keçidlər