Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri böyük səhnədə

07 noyabr 2019 | 11:00

Noyabrın 7-də Teatr Xadimləri İttifaqının “Aktyorlar Evi”ndə Yasamal rayon İcra Hakimiyyətinin və 175 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirildi. Tədbir məktəb şagirdləri tərəfindən hazırlanan İmadəddin Nəsimiyə həsr olunmuş rəsm sərgisinin açılışı ilə başlandı.

Mərasimdə şagirdlərin ifasında İmadəddin Nəsiminin müxtəlif dillərdə şeir və qəzəllərindən nümunələr səsləndirildi, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olundu, şairin həyat və yaradıcılığının fəlsəfəsini ifadə edən pantomim quruluş təqdim olundu. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

Təqdimatdan sonra 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev çıxış edərək bildirdi ki, tədbirin təşkilində rəhbəri olduğu məktəbin şagirdləri və müəllimləri yaxından iştirak ediblər.“Sevindirici haldır ki, ədiblərimizin təbliği istiqamətində aparılan işlər şagirdlər tərəfindən maraqla qarşılanır. İnanıram ki, Prezidentimizin Sərəncamı çərçivəsində keçirdiyimiz tədbir, uşaqların mənəvi dünyasının zənginləşməsinə, onlarda Nəsimi yaradıcılığına olan marağın artmasına öz töhfəsini verəcək”.

Bakı şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin, şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğuladı. Rəşad Tağıyev böyük söz ustadının 600 illik yubileyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilərək beynəlxalq miqyasda qeyd olunduğunu və həmin dövrdən etibarən Nəsimi yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparıldığını bildirdi.

Yaratdığı Nəsimi obrazı ilə xalqımızın böyük sevgisini və rəğbətini qazanan xalq artisti Rasim Balayev bildirdi ki, Prezident İlham Əliyevin "Nəsimi İli" ilə bağlı qərarı dahi şairin tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Onun sözlərinə görə, Azərbaycan gəncləri Nəsimini daha yaxından tanımalıdır. Nəsimini dünyaya və gənclərimizə tanıtdırmaq üçün çox faydalı işlər görməlidirlər. Hesab edirəm ki, bu cür addımları digər klassiklərimizlə də bağlı etmək lazımdır ki, onların Azərbaycana məxsus olduğunu hamı bilsin. Mən bunu Nəsimi rolunu oynayan insan və sadə vətəndaş kimi alqışlayıram.

Xalq artisti Azərpaşa Nemətov mütəfəkkir şair Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, əsərlərinin dil və üslub xüsusiyyətlərindən bəhs etdi, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışdı. Xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasının müxtəlif ideyalarla zəngin bədii irsinin özündən sonra gələn Azərbaycan şairlərinin yaradıcılığına və bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına güclü təsir göstərdiyini qeyd etdi.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Nəsiminin təkcə Azərbaycan xalqının deyil, bütün dünyanın ən nəhəng söz adamlarından biri kimi qəbul edildiyini və onun zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində böyük əhəmiyyətə malik olduğunu vurğuladı. Ulu öndər Heydər Əliyevin Azərbaycanın mədəni, ədəbi irsinə diqqət və qayğısı sayəsində 1973-cü ildə Nəsiminin 600 illiyi qeyd edildi, balet bəstələndi, film çəkildi, əsərlər yazıldı və hamımız böyük şairi, onun zəngin irsini daha yaxşı tanıdıq. Qeyd etdi ki, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə Nəsimi – şeir, incəsənət, mənəviyyat festivalının keçirilməsi, bu ilin dövlət başçısı tərəfindən “Nəsimi ili” elan edilməsi şairin yaradıcılığına göstərilən ehtiramın nümunəsidir.

Sonda məktəbin direktoru və məktəblilər rejissorlar xalq artisti Vaqif Əsədova və Elnur Rzayevə təşəkkürlərini bildirdilər.

Keçidlər