Şriftin ölçüsü :

Saytın rəngi :

FHN-in Bakı Regional Mərkəzi Yasamal rayonunda müşavirə keçirdi.

05 noyabr 2019 | 11:00

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 5 noyabr 2019-cu il tarixində Yasamal Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplantı, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli İcra Hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirdi.

Tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, həmçinin, payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maariflndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsi, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılmasıdır.

Toplantıda Yasamal Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı idarələrinin və digər aidiyyəti müəssisələrin rəhbərləri, o cümlədən, FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak etdi.

Müşavirəni giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elçin Rzayev mülki müdafiə işinin təşkilinin, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində təşkil olunan tədbirlərin əhəmiyyətinin və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacib olduğunu vurğuladı.

Tədbirdə “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar olundu və çıxışlar zamanı rayon ərazisində yerləşən müxtəlif müəssisələrin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

Toplantı zamanı rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi və digər aidiyyəti qurumların rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verildi.

Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin müzakirə olunduğu müşavirədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar etdilər. Çıxışlar zamanı Bakı şəhərində 2018 və 2019-cu illərin 9 ayı ərzində baş vermiş yanğın və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikası, eləcə də yanğınların baş vermə səbəbləri barədə məlumat verildi, onlardan qorunma yolları barədə praktik tövsiyələr səsləndirildi.

Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi Texniki İstismar Xidmətinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin, Rayon Polis İdarəsinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili” və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar etdilər.

Müşavirədə məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olundu, suallar cavablandırıldı.

Toplantıda çıxış edən FHN Bakı Regional Mərkəzinin rəis müavini, polkovnik Elnur Qasımov mülki müdafiə sahəsində mövcud olan problemlərin həllinin vacibliyini vurğulayaraq, yanğın və dəm qazı zəhərlənmələrinə qarşı mübarizədə maarfiləndirmənin rolundan danışaraq, yanğın təhlükəsizliyinin təmin olunması və bu sahədə aidiyyəti qurumların birgə fəaliyyətinin təşkili ilə bağlı tövsiyələr verdi.

Sonda tədbirdrə səslənən və rayonda mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırıması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər