Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri böyük səhnədə çıxış etdilər

24 oktyabr 2019 | 11:00

Aprel ayında Yasamal rayonu 158 nömrəli tam orta məktəbdə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində Azərbaycan-İtaliya dostluq əlaqələrinə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari və xanımı iştirak edərkən 158 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin ifasında hər iki ölkənin mədəniyyəti, dostluq əlaqələri, tarixi və adət-ənənələrini əks etdirən kompozisiyalarla çıxış etdilər. Məktəblilərin çıxışlarından məmnun qalan səfirin dəstəyi ilə 2019-2020-ci tədris ilindən 158 nömrəli tam orta məktəbdə italyan dili tədris olunmağa başladı.

Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında 158 nömrəli məktəbin şagirdlərinin təqdimatında “İtalyan dili və mədəniyyəti həftəsi” çərçivəsində “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış “Pinokkionun burnunun izi ilə” tamaşası nümayiş olundu. Məşqlər İtaliyanın "CompagniaBella" teatr şirkəti və aktrisa Paola Kontininin rəhbərliyi ilə baş tutdu. Tamaşa “İtalyan dili səhnədə” adlı Dünyada İtalyan Dili Həftəsinin XIX buraxılışının bir hissəsi olaraq İtaliya Respublikası Prezidentinin yüksək himayədarlığı altında həyata keçirildi.

Təşkil olunan tamaşada Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva, İtalyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Yasamal rayon ictimaiyyəti, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova tamaşa haqqında məlumat verdi. Bildirdi ki, tamaşanın ərsəyə gəlməsində, şagirdlərin italyan dilində təqdimat bacarıqlarının təkmilləşdirilməsində, bu dildə ünsiyyət, eləcə də aktyorluq bacarıqlarının formalaşdırılmasında İtaliyadan ölkəmizə gələn aktyor və rejissorlar xüsusi rol oynayıb.

Tədbirdə çıxış edən Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Olimpiya dəyərləri, mədəniyyətlərarası əlaqə, sülh və dostluğu təşviq edən “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”nın ölkəmizdə təşkil olunmasını yüksək qiymətləndirdi. Bildirdi ki, proqram çərçivəsində İtaliya Respublikasının mədəniyyətinin, tarixinin, incəsənətinin, idman ənənələrinin tədqiq edilməsi Azərbaycan-İtaliya məktəbliləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə rəvac verir. Azərbaycan ilə İtaliya arasında müxtəlif sahələrdə yaxşı münasibətlərin olduğunu vurğulayan İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari təhsil sahəsində də güclü tərəfdaşlıq əlaqələrinin mövcudluğundan bəhs etdi.

Daha sonra 158 nömrəli tam orta məktəbin şagirdləri “Pinokkio” əsərinin süjet xətti əsasında hazırlanmış " Pinokkionun burnunun izi ilə" adlı tamaşanı nümayiş etdirdilər.

Tamaşada çıxış edən 43 şagird sertifikatla təltif olundu.

Keçidlər