Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Hüseyn Cavidin 137 illiyinə həsr olunmuş tədbir keçirildi

24 oktyabr 2019 | 11:00

Oktyabrın 24-də Yasamal rayon İcra Hakimiyyətinin, YAP Yasamal rayon təşkilatının, Azərbaycan Milli Elmlər Akademiyasının və H.Cavid ev-muzeyinin birgə təşkilatçılığı ilə Yasamal rayonu Hüseyn Cavid Parkında böyük dramaturq və şair, mütəfəkkir Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə tədbir iştirakçıları ədibin Hüseyn Cavid Parkında ucaldılan heykəlini ziyarət edərək, abidəsi önünə gül çələngləri qoyaraq, xatirəsini yad etdilər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Hüseyn Cavidin keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salaraq, böyük şairin Azərbaycan ədəbiyyatına töhfələr bəxş etdiyini bildirdi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bildirdi ki, artıq uzun illərdir ki, Cavid Günü onun adını daşıyan bu parkda təşkil olunur. H.Cavidin keşməkeşli həyat yolu, XX əsr Azərbaycan dramaturgiyasının inkişafındakı əvəzsiz xidmətlərindən söz açdı və yaşadığımız Sovet dövründə, totalitarizmin dəhşətli dövründə H.Cavidin Sibir buzlaqlarına sürgün edildiyini söylədi.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli böyük dramaturqun ədəbi irsinin hər zaman diqqətdə olduğunu vurğulayaraq, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məlum sərəncamları ilə bir neçə dəfə əsərlərinin latın qrafikası ilə çap olunduğunu bildirdi.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov vurğuladı ki, Azərbaycan ədəbiyyatında milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyan dramaturqun tariximizin ən çətin dövründə yaşayıb - yaratdığını, keçən əsrin 30-cu illərinin repressiya burulğanına düşdüyünü bildirdi: "Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində, H.Cavidin cənazəsinin qalıqları vətənə qaytarıldı. H.Cavidin nəşinin Uzaq Sibirdən Azərbaycana gətirilməsi ictimai-siyasi mühitdə böyük hadisəyə çevrildi. H.Cavid təkcə yaşadığı dövrün deyil, sonrakı dövrlərin də böyük filosof-şairidir".

Tədbirdə H.Cavidin nəşinin Sibirdən vətənə gətirilməsində yaxından iştirak edən Həmid Cəfərov, filologiya elmləri doktoru Cəlal Qasımov, Hüseyn Cavidin Ev-Muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı və başqaları çıxış edərək, H.Cavidin nəsillərə örnək olacaq zəngin və təkrarsız yaradıcılığının zaman keçdikcə, daha çox aktuallıq kəsb etdiyini bildirdilər.

Tədbir konsert proqramı ilə davam etdi. Əməkdar artist Nuriyyə Hüseynovanın, müğənni Almaxanım Əhmədlinin və başqalarının ifasında H.Cavidin sözlərinə bəstələnmiş mahnılar səsləndirildi. Qəndab Əhmədli isə. H.Cavid yaradıcılığından nümunə səsləndirdi.

Keçidlər