Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Nərimanov prospektinin sakinlərilə görüşdü

17 oktyabr 2019 | 11:00

Oktyabrın 17-də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində, Nəriman Nərimanov prospekti 203 ünvanının sakinləri ilə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon Bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlərlə bağlı imzaladığı müvafiq Sərəncamlar haqqında geniş məlumat verdi.

İcra başçısı bu il Yasamal rayonunda xüsusilə “Sovetski” deyilən ərazinin sökülərək yerində analoqu olmayan müasir tələblərə cavab verən parkın sakinlərin istifadəsinə verilməsinin də şəhərimiz üçün böyük hadisə olduğunu qeyd etdi. O, Cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə, Yasamal RİH ilə birgə rayon üzrə abadlıq-quruculuq işlərinə start verildiyini növbəlilik gözlənilməklə abad məhəllələrin yaradılmasının gələcəkdə bütün həyətləri əhatə edəcəyini sakinlərin diqqətinə çatdırdı. İcra başçısı son bir ildə Yasamal rayonunun Bakının digər ərazilərindən müsbət mənada fərqləndiyini qeyd edərək, xüsusilə yolların əsaslı təmir olunduğunu, böyük layihələrin həyata keçirildiyini, yeni yolların tikilib istifadəyə verildiyini diqqətə çatdırdı.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları maraqlandıran suallarla Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən söküntü, istilik, su və qurumuş ağacların budanması ilə bağlı olduğuna görə onların müsbət həllini təmin etmək məqsədi ilə xidmət rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verildi.

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi. Tədbirdən sonra icra başçısının rəhbərliyi ilə rayon ərazisində insanlar üçün təhlükə yaradan qurumuş ağacların budanması işləri aparıldı.

Keçidlər