Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda “Beynəlxalq müəllimlər günü” qeyd olundu

02 oktyabr 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon Təhsil İçiləri Azad Həmkarlar Komitəsinin təşkilatçılığı ilə “İdeal” şadlıq sarayında böyük təntənə ilə “Beynəlxalq müəllimlər günü” qeyd olundu.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ümumtəhsil məktəblərinin, ali və orta ixtisas məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin direktorları və müəllimləri, qocaman müəllimlər , ziyalılar, rayon ictimaiyyəti iştirak etdilər.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilməsinə görə ölkə başçısına öz minnətdarlığını bildirdi. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

2018/2019-cu tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 1975 buraxılış məzunlarından 1572 nəfəri ali məktəblərə qəbul olmuş,13 nəfəri qızıl, 11-i isə gümüş medala layiq görülmüşlər. 29 nəfər 650-dən yuxarı bal toplamışlar Bu da ümumi sayın 80%-ni təşkil edir. Bunun böyük nailiyyət olduğunu bildirən Rayon İcra Hakimiyyətinin Başçısı 2019/2020-ci tədris ilində daha da yüksək nəticələr gözlədiyini və yüksək nəticələr göstərmiş təhsil müəssisələrinin digərlərinə örnək olacağını vurğuladı. Bildirdi ki, 2018/2019-cu tədris ilində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ali məktəblərə daxil olmuş bir qrup tələbəyə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb və sevindirici haldır ki, bunların 7 nəfəri Yasamal rayon məktəblərinin yetirmələridirlər.

Çıxış edənlərdən Azərbaycan Milli Konservatoriyanın rektoru, professor Səyavuş Kərimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük Xidməti polkovniki, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov və digərləri qeyd etdilər ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridirlər.

Azərbaycan Milli Konservatoriyasının nəzdində incəsənət gimnaziyasının şagirdlərinin və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında müəllimlərə həsr olunmuş mahnı və şer kompozisiyaları, maraqlı rəqslər hamının ürəyincə oldu. Bayram tədbirində tanınmış incəsənət ustalarının Azərbaycan Respublikasının Əməkdar artisti Nüşabə Ələsgərli, bəstəkar və müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahan, Zamiq Hüseynov, Nuray Rəhman ailəsi, Şahin İsmayılov, Aynur Dadaşova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin və başqalarının çıxışları tədbiri daha da coşdurdu.

Tədbirdə rayonun ictimai həyatında fəal iştirak etdiklərinə, gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətlərinə və təhsilin inkişafında göstərdikləri yüksək nəticələrə görə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçiləri Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildilər.

Keçidlər