Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olundu

01 oktyabr 2019 | 11:00

Oktyabrın 1-də Azərbaycan Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon prokurorluğunda tədbir keçirdi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon Prokuroru Rasim Hacıyev, rayon Polis İdarəsinin rəisi Cəmil Əmirov, rayon Məhkəməsinin sədri Araz Hüseynov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Polad İbrahimov və rayon prokurorluğunun əməkdaşları iştirak etdilər.

Tədbiri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov açaraq bildirdi ki, Azərbaycan prokurorluğu yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. Əziz Əzizov bildirdi ki, Azərbaycan Prokurorluğu 80 il ərzində dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də, prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi ədalətin bərpa edilməsi ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində qayğının ifadəsi və prokurorluğun roluna rəsmi münasibətin təzahürüdür. Ulu öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış müdrik siyasətini yeni müstəvidə və dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük uğurlardan və görülən nəhəng işlərdən, dövlətimizin daha da qüdrətlənməsindən, xalqımızın maddi və sosial rifah halının davamlı olaraq yaxşılaşdırılmasından danışdı.

Rasim Hacıyev və digər hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək prokurorluq orqanlarından yüksək diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə dərin ehtiramını ifadə edərək, dövlətimizin başçısını əmin etdilər ki, Azərbaycan Respublikasının Prokurorluğu bundan sonra da nizam-intizamın və qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, cinayətkarlığa və digər qanun pozuntularına, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək hallara qarşı mübarizədə barışmaz mövqe tutaraq üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcək.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətləri ilə fərqlənən rayon Prokurorluğunun bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin “Fəxri fərmanları” təqdim edildi.

Keçidlər