Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərkitab" Təbliğat Mərkəzinin yeni binasının açılış mərasimi keçirildi

27 sentyabr 2019 | 11:00

Sentyabrın 27-də Azərkitab" Təbliğat Mərkəzinin yeni binasının açılış mərasimi keçirildi. Mərasimə Mədəniyyət naziri Əbülfəs Qarayev,Yasamal rayon İcra Hakimiyyətiin başçısı Əziz Əzizov, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, millət vəkili Fəzail İbrahimli, Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, şair Sabir Rüstəmxanlı, yazarlar, tanınmış sənət nümayəndələri, jurnalistlər və oxucular qatılıb.

"Azərkitab"ın rəhbəri Sabir Həsənov qonaqları salamladıqdan sonra kitab evinin fəaliyyəti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, bu Kitab Təbliğatı Mərkəzi 1924-2000-ci illərdə fəaliyyət göstərmiş "Azərkitab"ın mənəvi varisidir: Başda prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla, Azərbaycan rəhbərliyi Ulu öndərin təhsilə, kitaba, mütaliəyə qayğısını rəhbər tutaraq, onun irsini davam etdirir. Biz də hər zaman fəaliyyətimizdə ümummilli liderimizin ənənələrini davam etdirməyə çalışırıq. Mən uzun illər əməkdaşı olduğum "Azərkitab"ın mənəvi varisi kimi bu kitab evini yaşatmağı özümün insanlıq və vətəndaşlıq borcum bilirəm. Bu Mərkəzi yaratmaqda məqsədimiz insanlarımızın kitaba qayıdışına, gənclərin sağlam, zəngin dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına dəstək verməkdir".

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu ideyanı dəstəklədiyini və gələcəkdə "Azərkitab"ın inkişafı üçün hər cür köməyə hazır olduğunu vurğulayıb: "Hazırkı şəraitdə kitabın təbliğatı üçün görülən hər bir iş böyük qəhrəmanlıqdır. Mən tez-tez kitab evlərində, mütaliənin təbliği ilə bağlı keçirilən tədbirlərdə oluram və görürəm ki, cəmiyyətimizdə kitaba maraq getdikcə artmaqdadır.

Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, məqsədimiz ondan ibarətdir ki, xalqımızın kitaba sevgi ənənəsini qoruyaq, daha da inkişaf etdirək, gənclərimizə ötürək. Müasir texnoloji inqilablara baxmayaraq kitaba sevgini yaşatmalıyıq. Kitab keçmişdə də olub, bu gün də var və gələcəkdə də olacaq. Çünki kitablar insan zəkasını zənginləşdirən xəzinədir. Sevindiricidir ki, son dövrlər gənclərin kitaba marağı, sevgisi artmaqda davam edir.

Qeyd edək ki, "Azərkitab"da təkcə kitab satışı deyil, nəşr təqdimatları, imza günləri, yazıçılarla, ziyalılarla görüşlər də keçirilir. Mərkəzdə tədbirlər üçün otaqlar, akt zalı, müxtəlif kitabların yer aldığı "Book cafe" bölməsi, uşaqlar üçün "Nağıl otağı" da istifadəyə verildi.

Keçidlər