Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Musiqi günü

18 sentyabr 2019 | 11:00

18 sentyabr- Azərbaycanda Milli Musiqi günüdür. Bu gün Azərbaycan operasının banisi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.

Hər il ənənəvi olaraq keçirilən Milli Musiqi günü Azərbaycanda musiqi bayramına çevrilib.Üzeyir bəyin adı Azərbaycan musiqi tarixinə qızıl hərflərlə yazılıb. Onun yaratdığı musiqilər təkcə Azərbaycanda yox, ölkəmizin hüdudlarından kənarda da böyük uğurla səslənir. Onun tarixdə qoyduğu iz heç nə ilə müqayisə oluna bilməz.

Dahi bəstəkarın ad günü Yasamal rayonunda yerləşən ev-muzeyində qeyd edildi. Bakının mərkəzi küçələrindən hesab edilən, Sovet dövründən bəri daha çox “Ketsxoveli” küçəsi kimi tanınan Şamil Əzizbəyli küçəsi Azərbaycan bəstəkarı, Azərbaycan Himninin bəstəkarı Üzeyir Hacıbəylinin boya-başa çatdığı ev ilə tanınır. Dahi bəstəkarın yaşadığı ev, tarixi abidə kimi abadlaşdırılaraq həm yerli, həm də xarici qonaqların ziyarəti üçün muzey olaraq fəaliyyət göstərməkdədir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və aparatın məsul işçiləri, eləcə də M.Müşfiq adına tam orta məktəbin şagirdləri və müəllimləri dahi bəstəkarı yad etmək üçün onun ev-muzeyində oldular. Burada Üzeyir bəyi xatırladan hər bir əşya onların marağına səbəb oldu. Maraqlı və klassik dizaynda bəzədilmiş ev insanı əvvəlki dövrlərə qaytarır. Qədim eynək, bəstəkarın portretləri, qara karandaşla yazılmış not kağızı, royal, skripka. Muzeyin bələdçilərinin də dediyinə görə Üzeyir bəyin hər bir yaratdığı əsər bizlərə bir töhvədir.Bu gün çox sevindirici və fərəhverici bir haldır ki, Üzeyir bəy irsi gələcək nəsillərə çatdırılır. Eyni zamanda, onun adına keçirilən festival, onun əsərlərinin dünya musiqiçiləri tərəfindən ifa olunması Üzeyir Hacıbəyli yaradıcılığının böyüklüyü və bu böyük yaradıcılığına olan sevgidən irəli gəlir. Şagirdlər milli musiqimizin tarixi, Üzeyir Hacıbəylinin yaradıcılığı, onun əsərləri haqqında dolğun məlumat əldə etdilər.

Sonra muzeyin akt zalında dahi bəstəkarın doğum günü münasibəti ilə tədbir təşkil olundu. Tədbiri Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, xalq artisti Sərdar Fərəcov açaraq bildirdi ki, “Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı.Bu əziz məkanda duraraq Prezidentimizə mədəniyyətə göstərdiyi qayğıya görə və şəxsən məni “Xalq artisti” fəxri adına layiq gördüyünə görə təşəkkürümü bildirirəm”.

Azərbaycan Dövlət Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyeva vurğuladı ki, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Yasamal rayonu Şamil Əzizbəyov küçəsində yerləşən bu muzey hər zaman olduğu kimi, bu gün də dövlətimizin nəzarəti və diqqətindədir. Bu məkan ruhumuzun dincəldiyi yerlərdən biridir. Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaratmış əsl dahidir. Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər