Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunun 161 nömrəli orta məktəbi yeni tədris ilində qapılarını şagirdlərin üzünə açdı

16 sentyabr 2019 | 11:00

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin ərazisində yerləşən məktəb ötən il Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Bu il açılışdan sonra yeni tədris ilində ilk dəfə olaraq Cəfər Cabbarlı adına 161 nömrəli orta məktəb qapılarını şagirdlərin üzünə açdı.

960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək.

Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müəllim və şagird kollektivini təbrik edərək vurğuladı ki, bu təhsil ocağında yaradılan şərait son illər ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin əyani göstəricisidir. Bütün bunlar Azərbaycanda təhsil sferasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu da, təsadüfi deyil. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmiri mühüm əhəmiyyət kəsb edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva çıxış edərək 1-ci sinfə qədəm qoyan şagirdlərə uğurlar arzuladı. Bu məktəbdə 1-ci sinif şagirdləri üçün dərslər “Sağlam təhsil – sağlam millət” layihəsi əsasında hazırlanan sinif otaqlarında keçiriləcək. Pilot layihənin tətbiqinə 2014–2015-ci tədris ilindən başlanılıb. Layihənin məqsədi şagirdlərin sağlamlığının qorunması və təhsil nailiyyətlərinin yüksəldilməsindən ibarətdir.

Sonra birincilər üçün ilk zəng çalındı.

Tədbir şagirdlərin ifasında bədii proqramla davam etdi.

Keçidlər