Şriftin ölçüsü :

Saytın rəngi :

Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 illiyi qeyd olundu

12 sentyabr 2019 | 11:00

Yasamal rayon Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyi, Azərbaycan Rəssamlar İttifaqının və Yasamal rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 İlliyinə” həsr olunmuş sərgi-tədbir təşkil olundu. Sərgidə təsviri sənətin bütün növləri üzrə 35 rəssamın 40-a yaxın işi yayımlandı.

Tədbirdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Azərbaycan Rəssamlar İttifaqının Qrafika şöbəsinin rəhbəri, xalq rəssamı Arif Hüseynov iştirak etdilər.

Tədbir şəhidlərin xatirəsini 1 dəqiqəlik sükütla yad etməklə başladı. Daha sonra isə Azərbaycan və Türkiyə Dövlətlərinin Himni səsləndirildi.

Daha sonra isə səfir Erkan Özoral Nuri Paşa və Qafqaz Ordusunun Bakını işğaldan azad etməsinin tarixini xatırlatdı. O, Azərbaycan və Türkiyənin hər zaman qardaş dövlət olaraq qalacağını bildirdi: "Türkiyə və Azərbaycan olaraq bir millət iki dövlətik. Hər zaman eyni mədəniyyəti, eyni dili, eyni dini və eyni tarixi, paylaşırıq. Bu, yüz,beş yüz il öncə də belə olub, hazırda da belədir və min il sonra da belə olacaq".

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, burada iştirak edən rəssamlarımız, qazilərimiz və mətbuat nümayəndələrimiz bu tarixi çox yaxşı bilirlər. Hörmətli Erkan Özoral bəy dəyərli çıxışında bir daha bizə bir daha xatırlatdı. Ötən il Rəcəb Tayyib Ərdoğan və cənab prezident İlham Əliyevin birgə iştirakı ilə yüzillik möhtəşəm şəkildə Azərbaycanda qeyd olundu. Bu gün isə 101-ci ili qeyd edirik. Deməli bu tədbir millətlərimizin arasında olan dostluq münasibətlərinin bariz nümunəsidir. İki dövlət arasında olan dostluğu heç kim poza bilməz”.

Sərginin kuratorları, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elnurə İsgəndərovalar isə tədbirə qatılan hər kəsə öz təşəkkürlərini bildirdilər: “Nuru Paşa və Qafqaz İslam Ordusunun 101 İlliyi"nə həsr olunmuş tədbirimizin əsas məqsədi iki qardaş ölkə üçün tariximizin və bu günümüzün önəmli olduğunu göstərməkdir".

Tədbir rəsaamların mükafatlandırılması ilə davam etdirildi, xatirə şəkilləri çəkdirildi.

Keçidlər