Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirildi

05 sentyabr 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin akt zalında böyük təntənə ilə rayon ümumtəhsil məktəblərindən ali məktəblərə yüksək bal toplamış tələbələrlə görüş - tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Yasamal rayonundan seçilmiş millət vəkili Elşad Həsənov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ümumtəhsil məktəblərinin, ali təhsil müəssisələrinin rektorları, orta ixtisas məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin direktorları və müəllimləri, tələbə adını qazanmış məzunlar, rayonun idarə və müəssisə rəhbərləri, Qarabağ müharibəsi veteranları, əlilləri, qocaman müəllimlər , ziyalılar, rayon ictimaiyyəti iştirak etdilər.

Ölkəmizdə həyata keçirilən təhsil siyasətindən danışan Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov Prezident İlham Əliyevin təhsil sahəsində apardığı islahatlardan, ölkə gəncləri üçün yaradılan şəraitdən söz açdı. O bildirib ki, bu gün tələbələrin istər təhsil sahəsində, istər ictimai işlərdə qazandığı uğurlar Azərbaycanın parlaq gəncliyinin bariz nümunəsidir. Ümummilli liderimiz Heydər Əliyev müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaradıb. Ümummilli liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır. Onun sözlərinə görə, bu dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib.Bu gün də respublikamızın təhsil sistemində innovativ yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklər aparılır. Prezident İlham Əliyev Ulu öndərin uzaqgörən siyasi kursunu ardıcıl şəkildə davam etdirir. Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xəttini təşkil edir.

Əziz Əzizov dövlət başçısının təhsilə olan diqqət və qayğısından söz açaraq rayonda bir çox ümumtəhsil məktəblərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, maddi-texniki bazasının zənginləşdirilməsinə görə ölkə başçısına öz minnətdarlığını bildirdi. 2019/2019-cu tədris ilində rayonun orta ümumtəhsil məktəblərində təhsilini başa vurmuş 1975 buraxılış məzunlarından 13 nəfəri qızıl medal, 11 nəfəri isə gümüş medal almaqla 1572 nəfəri yüksək nəticələr göstərərək tələbə adını qazanmışlar. Bu da ümumi sayın 80%-ni təşkil edir. Rayon məzunlarının 110 nəfəri 600-dən yuxarı, 29 nəfəri 650-dən yuxarı bal toplamışdır. Bunun böyük nailiyyət olduğunu bildirən rayon İcra Hakimiyyətinin Başçısı 2019/2020-ci tədris ilində bundan da yüksək nəticələr gözlədiyini və yüksək nəticələr göstərmiş təhsil müəssisələrinin digərlərinə örnək olacağını vurğuladı. Bildirdi ki, 2018/2019-cu tədris ilində Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təhsil işçilərinin “Əməkdar müəllim” fəxri adı və “Tərəqqi” medalı ilə təltif edilmişlər. Onlardan 6 nəfəri Yasamal rayonunun ümumtəhsil məktəblərində çalışan müəllimlərdir. Rayonda fəaliyyət göstərən Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbin 11 A sinfinin 22 şagirdi, 308 saylı tam orta məktəbin 11C sinfinin 23 şagirdi sinif üzrə 100 % nəticə göstərərək ali təhsil müəssisəsinə qəbul olmuşlar.Bu nailiyyətlər rayonda təhsil sahəsində həyata keçirilən kompleks tədbirlərin nəticələri kimi qiymətləndirilir.

Çıxış edənlərdən Milli Məclisin deputatları Fəzail İbrahimli və Elşad Həsənov, Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn Əsgərov, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin rektoru,professor Gülçöhrə Məmmədova, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Bakı Avropa liseyinin direktoru Zülfiyyə Veysova, A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin direktoru Səadət Veysova, tələbələr və valideynlər qeyd etdilər ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridirlər. Vurğuladılar ki, dövlət başçısının sosial müdafiə sahəsində atdığı mühüm addımlar müəllimləri də əhatə etmişdir. Ölkə prezidentinin sərəncamına əsasən, eyni zamanda dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayı 2019-2020-ci tədris ilində 45 faizə, 2020-2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması nəzərdə tutulmuşdur. Tələbə adını qazanan məzunlar və onların valideynləri ölkə başçısına təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə rayonun ictimai həyatında fəal iştirak etdiklərinə, gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyətlərinə və təhsilin inkişafında göstərdikləri yüksək nəticələrə görə rayonda fəaliyyət göstərən bir qrup təhsil işçiləri , eləcə də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən məktəblər arasında respublika çempionatının final mərhələsində şahmat idman növü üzrə 1-ci yeri tutduqlarına görə P.Nəzərov adına 60 saylı tam orta məktəbin şagirdləri və müəllimi Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edildilər.

Ali məktəblərə yüksək bal toplayan 31 məzuna rayon İcra Hakimiyyəti başçısı adından “ Acer” və “HP” markalı noutbuklar və bütün tələbə adını qazanan məzunlara xatirə hədiyyələri təqdim olundu. Eyni zamanda rayonda yaşayan 100 məcburi köçkün və aztəminatlı ailələrin övladları Yasamal rayon İcra Hakimiyyəti tərəfindən məktəbli forması ilə təmin olundu.

Tədbir bədii hissə ilə davam etdirildi.

Keçidlər