Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 7-də Yasamal rayonunun 2019-cu ilin birinci yarısının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi

07 avqust 2019 | 11:00

Avqustun 7-də Yasamal rayonunun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclası keçirildi. Hesabat iclasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məruzə ilə çıxış etdi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirilmiş müşavirədə toxunulan məsələlər barədə iclas iştirakçılarına ətraflı məlumat vermişdir.

2019-cu ilin birinci yarısında respublikada həyata keçirilən iqtisadi islahatlar Yasamal rayonunun da iqtisadi göstəricilərinə öz müsbət təsirini göstərmişdir. Bu dövrdə 170 690 000 manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Nəqliyyat sektorunda xidmətlərin həcmi 2,7 faiz artaraq 1 217 789 000 manat, rabitə xidmətlərininhəcmi 4,6 faiz artaraq 327 978 000 manat olmuşdur. Əsas kapitala 218 936 000 manat məbləğində vəsait yönəlmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 51,5 faiz artım deməkdir. Tikinti müəssisələrinin öz gücləri hesabına yerinə yetirdikləri podrat işlərinin həcmi 340 409 000 manat məbləğində qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə artım deməkdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 10,4 faiz artaraq 389 631 000 manat təşkil etmişdir ki, bunun da cəmi 10,1 faizi dövlət müəssisələrinin payına düşmüşdür. İaşə müəssisələrinin dövriyyəsi 68 177 000 manata bərabər olmuşdur. Muzdlu işçilərin sayı 26,9 faiz artaraq 134 294 nəfər olmuşdur.

Yasamal rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinlərinin sosial problemlərinin əsaslı surətdə aradan qaldırılması ilə bərabər məşğulluq məsələlərinin müsbət həllini prioritet vəzifələrdən biri kimi diqqət mərkəzində saxlanılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrini rəhbər tutaraq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məhəllələrinin abadlaşdırılması istiqamətində işlər davam etdirilərək cari ildə 20 ünvanda abadlıq işləri görülmüş, qanunsuz tikililərə qarşı mübarizə tədbirləri davam etdirilmişdir.

Rayonun mənzil fondunun qorunub-saxlanılması istiqamətində işlər davam etdirilmiş, rayon Mənzil-Kommunal Təsərrüfat Birliyitərəfindən 6 yaşayış binasında 800 kv.m müxtəlif materiallardan olan dam örtüyü təmir edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı “Pilot” layihə çərçivəsində inşa olunan yaşayış evlərinin tikintisi davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan“Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsinin növbəti mərhələsinin icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən uğurla başa çatdırılmaq üzrədir. Bu mərhələdə köçürülməsi nəzərdə tutulan 2010 yaşayış və qeyri-yaşayış obyektlərindən bir-neçəsi istisna olmaqla daşınmaz əmlak sahibləri ilə razılaşma əldə edilərək alqı-satqı əməliyyatları həyata keçirilmişdir, tikililər sökülərək ərazi təmizlənmişdir. May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva “Təzəpir” məscidinin qarşısında və Füzuli küçəsi boyunca salınmış Mərkəzi Parkın açılışında iştirak etmişlər.

Yasamal rayonunda dövlət əhəmiyyətli daha birtədbirin - Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında “Mənzil İnşaatı Dövlət Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən “Qanlı Göl”ün şimal hissısində 11,6 hektar torpaq sahəsində yaşayış kompleksinin tikintisi başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışına qoşularaq Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 160 yerlik 11 nömrəli körpələr evi-uşaq bağçası sökülərək 200 yerlik yeni məktəbəqədər müəssisənin inşası başa çatdılmışdır. İyun ayının 13-də körpələr evi-uşaq bağçasının açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva iştirak etmiş, həmin gün Mehriban xanım Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olaraq təmir-bərpa işlərinin aparılmasına göstəriş vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin sosial problemlərinin daim diqqət mərkəzində saxlanılmasına dair tapşırıqlarının icrası Yasamal rayon İcra Hakimiyyəti tərəfindən əsasən təmin edilmiş, Yasamal rayon Enerji Satışı və İstismarı İdarəsi, Su-kanal İdarəsi və Bakı Regional Qaz Departamentinin Mərkəzi Rayonlar üzrə Texniki İstismar Xidməti tərəfindən əhaliyə kommunal xidmətlər sahəsində ciddi problemlər müşahidə olunmamışdır. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bir-neçə yerdə qurumuş ağacların aşması hallarına bir daha diqqət çəkərək, bildirmişdir ki, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Yasamal rayon Yaşıllaşdırma Sahəsi bu kimi hallardan nəticə çıxarmalı və ilboyu budanma işlərinin təşkilinə diqqəti artırmalıdır. Bundan başqa, “Azəristiliktəchizat“ Açıq Səhmdar Cəmiyyətinin 8 və 14 saylı İstilik Sistemləri İstismar Sahələri tərəfindən istiliklə təmin olunmayan əhalinin, hüquqi və fiziki şəxslərin təchizatı sahəsində mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində işləri davam etdirilməlidir.

Cari ilin birinci yarısında tarixi, əlamətdar və bayram günlərinə həsr olunmuş tədbirlər davam etdirilmişdir. Novruz və Ramazan bayramları ərəfəsində rayon sakinlərinə daha ucuz və keyfiyyətli məhsulların təqdim olunması məqsədi ilə Hüseyn Cavid prospektində və Seyfəddin Dağlı küçəsində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil olunmuşdur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2018-ci il martın 15-dən 18-dək «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün növbəti maarifləndirici tur-aksiyası təşkil olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il də fevral ayından başlayaraq rayonun səhiyyə müəssisələri tərəfindən əhalinin icbari tibbi müayinəsi tədbirlərinə başlanılmış, müəyyən olunmuş müddət ərzində icbari tibbi müayinə tədbirləri rayonun səhiyyə müəssisələri tərəfindən başa çatdırılmışdır.

2019-cu ilin birinci yarısında rayon İcra Hakimiyyəti Başçısının aparatına vətəndaşlardan1559, 2018-ci ilin müvafiq dövründə 1704 müraciət daxil olmuşdur.Daxil olmuş müraciətlərin böyük əksəriyyətinə 15 iş günü, əlavə araşdırma və yoxlama tələb edən müraciətlərə isə 30 iş günü müddətində baxılması əsasən təmin edilmişdir. Vətəndaşların rayon İcra Hakimiyyətinə müraciətlərini asanlaşdırmaq məqsədi ilə rayon İcra Hakimiyyətinin elektron ünvanı və saytının fasiləsiz rejimdə fəaliyyəti təmin edilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısının ilin birinci yarısında rayon sakinləri ilə 19 səyyar qəbul-görüşü keçirilmişdir, burada 4000 nəfərdən çox rayon sakini iştirak etmiş, rayon sakinləri tərəfindən 215 müxtəlif məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin Başçısına müraciət edilmiş, müraciətlər istisnasız olaraq öz müsbət həllini tapmışdır.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov hesabat məruzəsinin sonunda qarşıda duran vəzifələri qeyd edərək həmişə olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş bütün vəzifələrin öhdəsindən layiqincə, vaxtında və yüksək keyfiyyətlə gəlməyə çalışılacağını və Azərbaycan Respublikası Prezidentinin Fərmanlarının, Sərəncamlarının, digər göstəriş və tapşırıqlarının tələblərindən irəli gələn öhdəliklərin vaxtında və tam həcmdə icrasının təmin ediləcəyini bildirmişdir.

 

 

 

 

 

Keçidlər