Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Tağı Şahbazi və Eldar Ağayev küçəsinin sakinləri ilə səyyar qəbul-görüş keçirdi.

30 iyul 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun 2 nömrəli sahə inzibati dairəsinin ərazisində, 11 saylı körpələr evi-uşaq bağçası həyətində T.Şahbazi küçəsi, 583-cü məhəllənin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların sağlamlığının qorunması və vətənpərvər, savadlı şəxsiyyətlər kimi yetişmələri istiqamətində Azərbaycan dövləti çox mühüm layihələr həyata keçirir. Bu işlərə Heydər Əliyev Fondunun töhfəsi də olduqca əhəmiyyətlidir. Belə ki, bu ilin iyun ayının 13-də Bakının Yasamal rayonundakı 11 saylı körpələr evi-uşaq bağçası üçün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən yeni binanın açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

İcra başçısı Əziz Əzizov qeyd etdi ki, 2 korpusdan ibarət 11 saylı körpələr evi-uşaq bağçası müasir tələblərə cavab vermədiyindən mövcud 150 yerlik binası sökülüb, onun yerində Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tipli 200 yerlik körpələr evi-uşaq bağçası tikilib. Körpələr evi-uşaq bağçasının inşasına 2018-ci ilin mayında başlanılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Yeni binada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları, həmçinin digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində 6-sı Azərbaycan, 4-ü isə rusdilli bölmə olmaqla ümumilikdə 10 qrup fəaliyyət göstərməkdədir.

Əziz Əzizov həmçinin çıxışında vurğuladı ki, on bir saylı körpələr evi-uşaq bağçasının yerləşdiyi ərazidə və ətrafda genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlığı da var. Bir sözlə, müəssisədə balacaların vaxtlarını maraqlı və səmərəli keçirmələri üçün hərtərəfli şərait yaradılıb.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Görüşdə sakinlər tərəfindən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova qəzalı binaların sökülməsi, abad həyətlərin yaradılması, məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi, küçələrin işıqlandırılması və digər sosial məsələlərlə bağlı müraciətlər olundu.

İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini bildirdi və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi.

Keçidlər