Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Xiyabani küçəsində sakinlər ilə görüşdü

18 iyul 2019 | 11:00

İyulun 18-də Yasamal rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsinin ərazisində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti səyyar qəbul-görüşü Xiyabani küçəsi, 6 və 8 saylı binanın sakinləri ilə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq bütün ölkə ərazisində həyata keçirilən geniş miqyaslı abadlıq və quruculuq işlərindən söz açdı və rayon ərazisində də həyata keçirilən bu kimi işlərin dövlət başçısının vətəndaşların firavan həyat şəraitinin təmin olunmasına dair göstərişlərini yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirməkdən ibarət olduğunu diqqətə çatdırdı.

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Abad məhəllə” layihəsinin Yasamal rayonunda da uğurla həyata keçirildiyini bildirən icra başçısı 2018-ci il ərzində 18 yeni abad məhəllə salındığını və geniş miqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, cari ildə də 24 yeni abad məhəllənin salınacağını vurğuladı.

Ə.Əzizov çıxışında hazırda Şəfaət Mehdiyev küçəsində yeni yolun inşası ilə bağlı sakinlərin köçürülməsi işlərinin aparıldığını diqqətə çatdıraraq, yaxın vaxtlarda bu layihənin də uğurla başa çatdırılacağını qeyd etdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi

Keçidlər