Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində Məzun Günü keçirildi.

03 iyul 2019 | 11:00

Azərbaycan Memarlıq və İnşaat Universitetində 2018-2019-cu tədris ili məzunlarının təntənəli buraxılış mərasimi keçirildi. Universitetin akt zalında düzənlənən mərasimdə Bakı şəhərinin baş memarı Akif Abdullayev, AzMİU-nun məzunu, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Meliorasiya və Su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, “AzVirt” MMC-nin rəhbəri Kamil Əliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev,YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov və Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, AzMİU-nun fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Mərasimi açıq elan edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova “məzun” adını qazanan tələbələri təbrik edib, gələcək karyeralarında uğurlar arzuladı, onlara təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyyə etdi. Rektor vurğuladı ki, dörd il bundan əvvəl həyatlarında ən böyük uğura imza ataraq indi tələbə adını qazananlar bu gün böyük bir şərəf və iftixarla AzMİU-dan ayrılırlar, məzun olurlar. İmtahan həyəcanı, yuxusuz gecələr, sessiya stresi, gənclik həyatının ən şirin dönəmi olan tələbəlik illərinin sevinc və kədərli, narahat və qayğılı, ömrün təkrar olunmaz anları artıq geridə qalır. Həyatın möhtəşəm bir mərhələsini keçərək qazandıqları diplomla müstəqil, eyni zamanda daha məsuliyyətli dövrə qədəm qoyurlar. Rektor çıxışında universitetin qazandığı uğurlardan, AzMİU-nun Avropanın aparıcı universitetləri ilə reallaşdırdığı uğurlu ikili diplom proqramlarından, builki məzunların nəticələrindən danışdı. Bu gün zəngin elm və təhsil ənənələrinə malik olan universitetin həyatında 44-cü təntənəli buraxılış gecəsidir. Başa vurduğumuz tədris ilində AzMİU-nu bakalavriat səviyyəsində 20 ixtisas üzrə 1169 nəfər, magistratura səviyyəsində 22 ixtisaslaşma üzrə 241 nəfər olmaqla cəmi 1485 gənc bitirir. SABAH qruplarında təhsil alan 17 tələbə də bu siyahıda yer alır. Tələbələrin böyük hissəsi oxuduğu müddətdə yaxşı nəticələr göstərib, bakalavr tələbələrimizdən 4, magistr tələbələrdən 16 nəfər fərqlənmə diplomuna layiq görülüb. Bakalavriat səviyyəsi üzrə məzunlardan 210 nəfər magistratura səviyyəsinə uğurla imtahan verərək ali təhsilin ikinci pilləsinə keçib. Sevindirici haldır ki, ilkin məlumatlara görə, onlardan 36 nəfəri xarici ölkələrin universitetlərinin magistr proqramlarına qəbul olublar. Bu il AzMİU-nu bitirənlər arasında Türkiyə, İran, Türkmənistan, Suriya, Gürcüstan, Rusiya və Özbəkistandan 95 məzun var. AzMİU-da təhsil 3 dildə aparıldığından bu ilki buraxılışda ingilis dilli qruplarda həm bakalavr, həm də magistr səviyyələrində birlikdə 58 tələbə də bu il məzun olur.

Tədbirin gedişində AzMİU-nu fərqlənmə diplomu ilə bitirən məzunlara rektorun təbrik məktubu oxunub, universitetin müxtəlif fakültələrini əla qiymətlərlə bitirmiş tələbələrə fərqlənmə diplomları təqdim edildi. Universitetin ictimai işlərində xüsusi fəallıqları ilə seçilən bir neçə tələbə isə rektor tərəfindən təltifnamələrlə mükafatlandırıldı.

Çıxış edən qonaqlar məzunlara xoş arzularını bildirdilər.

Məzunlar tələbəsi olduqları ali təhsil ocağında universitet rektorluğu və müəllim kollektivi tərəfindən hər zaman qayğı və diqqətlə əhatələndiklərini söyləyərək universitet rəhbərliyinə təşəkkürlərini bildirdilər.

Tədbir AzMİU-nun özfəaliyyət ansamblı üzvlərinin ifasında bədii hissə ilə davam etdirildi.

Keçidlər