Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Texniki Universitetində Məzun Günü qeyd olundu

21 iyun 2019 | 11:00

İyunun 21-də Azərbaycan Texniki Universitetində təntənəli Məzun Günü qeyd olundu. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov universiteti bitirən gəncləri bu əlamətdar gün münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Rektor Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksəkixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söylədi. Professor Xalıq Yahudov qeyd etdi ki, bu il universiteti 3425 gənc bitirir. Onlardan 2086 nəfəri bakalavr, 324 nəfəri magistrant, 16 nəfəri xarici ölkə vətəndaşı, 999 nəfəri isə ötən tədris ilindən qalanlardır. Məzunlardan 37 bakalavr və 55 magistrant olmaqla ümumilikdə 92 nəfər universiteti fərqlənmə ilə bitirib.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova əlamətdar gün münasibətilə məzunları, valideynləri, universitetin professor-müəllim heyətini təbrik edib, onlara yeni nailiyyətlər arzuladı. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin gənclər barədə verdiyi sərəncamlardan söz açdı. O, məzunları gələcək fəaliyyətlərində Azərbaycan Texniki Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə töhfə verməyə çağırdı.

Digər çıxış edən qonaqlar məzunları təbrik edib, onlara gələcək hayatlarında uğurlar arzuladılar. Qeyd olundu ki, ali təhsilli bu mühəndis kadrlar sənayenin və iqtisadiyyatın digər sahələrinin sürətli inkişafında bundan sonra da öz sözlərini deyəcək, xalqımıza və respublikamıza sədaqətlə xidmət edəcəklər.

Daha sonra məzunlar çıxış edərək gələcəyin yüksəkixtisaslı mühəndisləri olacaqlarına, professor-müəllim heyətinin etimadını doğruldacaqlarına söz verdilər.

Rəsmi hissənin sonunda təhsildə fərqlənən və universitetin ictimai həyatında fəal iştirak etmiş bir qrup məzuna Fəxri fərmanlar, fərqlənmə diplomları və xatirə hədiyyələri təqdim edildi.

Sonra tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər