Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri Respublika şahmat çempionatının birincisi oldular

04 iyun 2019 | 11:00

Yasamal məktəbliləri Respublika şahmat çempionatının birincisi oldular

İyunun 4-də məktəblər arasında təşkil olunmuş respublika çempionatı qaliblərinin təltifolunması mərasimi keçirildi.

Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, millət vəkilləri, tərəfdaş qurumların əməkdaşları, tanınmış idmançılar, təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak etdilər. Mərasim Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Tədbiri giriş sözü ilə açan Təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının əhəmiyyətini qeyd edərək sağlam həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini qeyd etdi. Ceyhun Bayramov məktəb idmanı sahəsində sözügedən yarışların əhəmiyyətindən danışaraq qalibləri təbrik etdi.

Daha sonra çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyəni və onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirdi.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək birgə əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatının təşviq edilməsində xüsusi rol oynayacağını vurğuladı.

AMİF-in prezidenti Sevinc Hüseynova qaliblərə uğurlar arzu edərək məktəb İdmanları Federasiyası tərəfindən həyata keçirilən layihələr barədə danışdı, gələcəkdə çempionat çərçivəsində keçirilən oyunlarda qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakına dəstək olacağını qeyd etdi.

Şahmat üzrə respublika birinciliyinə Yasamal rayonu 60 nömrəli tam orta məktəbin komandasından ibarət 2-4-cü sinif şagirdləri layiq görüldülər, təhsil müəssisəsinə keçici kubok təqdim edildi.

2018-2019-cu tədris ili ərzində keçirilən çempionatın əsasnamə və proqramına uyğun olaraq yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrindən ümumilikdə yarışlarda iştirak üçün 4 idman növü üzrə 2 397 məktəb, 202 248 şagird qeydiyyatdan keçib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirildi.

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində imzalanan Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmri ilə keçirilib. Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə edərək çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyi təmin edərək yüksək nailiyyətlər və uğurlar qazanmaqdır.

Keçidlər