Şriftin ölçüsü :

Saytın rəngi :

M.Müşfiqin 111 illiyi ilə bağlı tədbir keçirildi

05 iyun 2019 | 11:00

İyunun 5-də Yasamal rayon Müşfiq parkında Yasamal rayon İcra Hakimiyyətinin “Cabir Novruz” Mədəniyyət fondunun və “Könüllülər” Kitabxana İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölməz şair Mikayıl Müşfiqin 111 illiyinə həsr olunmuş poeziya günü keçirildi. Abidə ətrafı bütünlüklə Mikayıl Müşfiq yaradıcılığından xəbər verirdi, hər yan gül-çiçəklə bəzədilmişdi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, “Cabir Novruz” Mədəniyyət fondunun sədri Cavanşir Qurbanov, Respublika Qızıl Aypara Cəmiyyətinin Vitse-prezidenti Qafar Əsgərzadə, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbin rəhbərliyi və müəllim heyəti, Mədəniyyətsünaslıq üzrə Elmi-Metodiki Mərkəz və Müşfiqsevər ziyalılar iştirak edirdi.

Hər il iyun ayının beşi Azərbaycan xalqı şairlərini ənənəvi olaraq təbrik edir. Dahi Müşfiqin doğum günü vətənimiz Azərbaycanda şairlər günü kimi qeyd edilir. Bu il də söz qədri bilənlər beşi iyun sabahını Mikayıl Müşfiqi ziyarətlə yaşamağa başladı.
Tədbiri Qafar Əsgərzadə açaraq şairin əmək, təhsil, ziyalı, səfil həyat keçirən uşaqlar, gənclərin düzgün tərbiyəsi, Vətənin görkəmli şəxsiyyətləri, sənət və sənətkar, həyat eşqi, təkliyin acı aqibəti, qadına hörmət, anaya məhəbbət və digər mövzuları poetik sənətkarlıqla işləməsindən danışdı.

Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova vurğuladı ki, Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına 2018-ci ilin iyun ayından başlayaraq ölkə ərazisində, eləcə də Yasamal rayonunda silsilə tədbirlərin keçirilməsi hələ də davam etdirilir. Şairin adını daşıyan Yasamal rayonu 18 saylı məktəbin həyətində ölməz şairin heykəli qoyulmuş və barelyefinin açılışı olmuşdur. Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi bu söz sənəti incilərinin başlıca keyfiyyətləridir. Müşfiq Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış nadir istedadlı şairlərdəndir , və xoşbəxt şairlərdəndir, çünki bu gün burada ənənəyə sadiq qalaraq bu qədər Müşfiqsevərlər toplaşıb.

Digər çıxış edənlər Müşfiq poeziyasının tükənməz çeşməsindən bir-birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatdılar. Şairin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun yaradıcılığının gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində əvəzsiz xəzinə olduğundan söhbət açdılar.

18 saylı məktəbin direktoru, əməkdar müəllim Rəna Süleymanova, müəllimlər Aynur Mustafayeva, Fatimə Məmmədova şair haqqında ürək sözlərini söylədilər, M.Müşfiqə həsr etdikləri şeirlərlə çıxış etdilər. Əməkdar artist Rəşad İlyasov, müğənnilər Nicat Cəfərzadə, Sərxan Bünyadzadə, Şahin İsmayılov, Mirməmməd Mircavadov Müşfiqin şerlərinə yazılmış mahnıları ifa etdilər. Məşhur tarzən Qurban Pirimovun nəticəsii Asim Pirimovun “Oxu tar” ı tarda ifa etməsi iştirakçılarda böyük marağa səbəb oldu.

Tədbir Müşfiqin dünyaya göz açdığı Xızı rayonunun Sayadlar kəndində davam etdirildi.

Keçidlər