Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

01 iyun 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mən və mənim hüquqlarım” adlı tədbir keçirdi. Bayram tədbirində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqabil Mahmudov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, rayonun səhiyyə və təhsil müəssisələrinin rəhbərləri, rayon ictimaiyyəti, sakinlər, müəllimlər və valideynlər iştirak etdilər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov uşaqları təbrik edərək vurğuladı ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Ölkənin gələcəyi uşaqların əlindədir. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşaraq yeni layihələr həyata keçirməkdə davam edir.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin qeyd etdi ki, son 26 il ərzində Azərbaycanda uşaq hüquqları sahəsində xeyli uğur əldə edilib. Təhsil, səhiyyə, sosial rifah və onların qorunması da xüsusi diqqət yetirilən sahələrdən olub və görülən işlər bundan sonra da davam etdiriləcək.UNİCEF və Azərbaycan arasında əməkdaşlıq 1993-cü ildən başlayıb. Müstəqilliyin ilk illərində UNİCEF-in proqramları humanitar ehityacları və milli inkişaf prioritetlərini əhatə edib. Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində UNİCEF ölkədə qadın və uşaq hüquqlarının inkişafı sahəsində bir sıra layihələr həyata keçirib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının sektor müdiri Müqabil Mahmudov ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verdi.

Tədbirdə iştirak edən uşaqlar əsl bayram coşğusunu yaşadılar. 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş olundu. “Səma” və “Dan ulduzu” rəqs qruplarının uşaqları mahnı və rəqs nömrələri ilə fəal çıxış etdilər. Rəsm sərgisində qalib olan və iştirak edən hər bir uşaq Yasamal rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə təltif olundu.

Sonda bayrağımızın rəngində olan şarlar səmaya buraxıldı.

Keçidlər