Şriftin ölçüsü :

Saytın rəngi :

OCEP 2019 layihəsi çərçivəsində - “Latviyaya qonaq olaq!” adlı tədbir

30 may 2019 | 11:00

30 may tarixində Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbdə “Olimpiya mədəniyyəti və Təhsili Proqramı - OCEP 2019 çərçivəsində “Latviyaya qonaq olaq!” adlı qardaşlıq və dostluq tədbiri keçirildi. Tədbirdə Latviya Respublikasının Azərbaycandakı səfiri Yuris Maklakovs,Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, xalq yazıçısı Çingiz Abdullayev və digər məsul qonaqlar iştirak edirdi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Rəna Süleymanova açaraq qonaqları salamladı, sonra məktəb və OCEP 2019 layihəsi çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat verdi. Sonra şagirdlər tərəfindən hazırlanmış və özündə Latviya haqqında geniş məlumat əks etdirən videoçarx nümayiş olundu. Daha sonra şagirdlərin təqdimatında Latviya mədəniyyəti nümayəndələrinin repertuarından müxtəlif nömrələr ifa olundu. Şagirdlərin təqdimatında Raymond Paulsun, Layma Vaykulenin, Vitasın obrazları, mahnı və rəqsləri tədbirə xüsusi rəng qatdı. Eyni zamanda Çingiz Abdullayevin əsərlərinin baş qəhrəmanı Dronqo və onun latviyalı dostu Edqar Veydemanisin rollarında çıxış edən şagirdlər hər iki dövlətin nümayəndələrinin dostluq və həmrəyliyinin bariz nümunəsini nümayiş etdirdilər. Şagirdlər tərəfindən xalq mahnısı “Sarı gəlin”, M. Maqomayevin “Azərbaycan” mahnısı məharətlə ifa olundu. Latviya və Azərbaycan dövlətlərinin milli musiqi və rəqslərindən ibarət bədii proqram bütün qonaqlar tərəfindən rəğbətlə qarşılandı. Uşaqların birlikdə ifa etdikləri “Dostluq” rəqsi Azərbaycan dövlətinin mükəmməl multikultural dəyərlərə mənsub olduğunu bir daha qonaqlara sübut etdi.
Qonaqlar tədbir haqqında, Latviya dəyərlərini özündə əks etdirən tərtibat haqqında, şagirdlərin rəngarəng çıxışları haqqında çox müsbət fikirlər söylədilər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, “OCEP–Avropa Gənclərinin Olimpiya Festivalı” tarixində Azərbaycanda ilk dəfə Olimpiya Mədəniyyəti və Təhsil Proqramı həyata keçirilir. Başlıca məqsəd Avropa Olimpiya Komitələrinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyət və idmanı, həmçinin Olimpiya hərəkatını təşviq etməkdir. Olimpiya Mədəniyyəti və Təhsil Proqramının əsas vəzifələri Avropa ölkələrindən və Azərbaycandan 49 məktəb seçməklə, onlar arasında ünsiyyət yaratmaq, qardaşlaşmış məktəblərin məlumat və təcrübə mübadiləsi üçün xüsusi təyinatlı, multilinqivistik sosial media platformasını yaratmaq və idarə etmək, Bakı 2019 Avropa Yeniyetmələrin Yay Olimpiya Festivalını Azərbaycan və Avropa məktəblərinin vasitəsilə təşviq etmək, Olimpizm və Olimpiya dəyərlərini təbliğ etməkdir.

Çingiz Abdullayev bildirdi ki, XXI əsrin şagirdləri XX əsrin obrazlarını çox təbii canlandırdılar və bizə nostalji hisslər yaşatdılar. Latviya Respublikasının səfiri Yuris Maklakovs məktəbdən xoş təəssüratlarla ayrıldığını bildirdi.

Sonda Mikayıl Müşfiqin abidəsi önünə güllər qoyuldu və xatirə şəkilləri çəkdirildi.

Keçidlər