Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Həsən bəy Zərdabi küçəsinin sakinləri ilə səyyar qəbul-görüş keçirdi

30 may 2019 | 11:00

Mayın 30-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati dairəsinin ərazisində H.Zərdabi küçəsi 87 ünvanında sakinlərlə keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Bu işlər paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq zolaqlarının salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi ilə müşayiət olunur. Bütün bunlar Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib.

İcra başçısı Əziz Əzizov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak etdiklərini bildirdi. Dövlət başçısının birbaşa göstərişlərinə uyğun olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələlərlə icra olunmaqdadır. Layihənin əsas məqsədi şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir. Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib.

Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ölkə Prezidentinin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq 2019-cu il ərzində "IDEA" İctimai Birliyinin dəstəyi ilə SOCAR-şirkəti, Yasamal rayon İcra Hakimiyyəti ilə birgə ötən ilin əvvəlindən başlayaraq mövcud problemlərin həllinə yönəlmiş və hal-hazırda davam etdirilən, yaxın gələcəkdə rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq işlərinin 2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhəllənin salınacağını qeyd etdi. İcra başçısı abad məhəllələrin yaradılmasının gələcəkdə rayonun bütün həyətlərini əhatə edəcətyni bildirdi.

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

Görüşdə sakinlər tərəfindən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova abad həyətlərin yaradılması, istilik xəttinin yararsız vəziyyətdə olması, sahibsiz itlərin yaratdığı narahatlıq və digər sosial məsələlərlə bağlı müraciətlər olundu.
İcra başçısı sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi.

Keçidlər