Şriftin ölçüsü :

Saytın rəngi :

OCEP 2019 - 50 gün

31 may 2019 | 11:00

Mayın 31-də Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə OCEP 2019 Avropa Gənclər Yay Olimpiya Festivalına 50 günün qalması qeyd olundu.

“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində keçirilən bu tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev, 20 nömrəli məktəb-liseyin müəllim, şagirdləri və valideynləri iştirak etdilər.

A.Hüseynzadə adına 20 nömrəli məktəb-lisey İspaniyanın təhsil ocağı ilə qardaşlaşmış olduğundan iştirakçılar əvvəlcə İspaniyanın mədəniyyəti, dostluq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm sərgisinə baxdılar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra idmançı şagirdlərin müxtəlif oyunlar üzrə nümayişləri oldu.

Tədbirin sonunda İspaniyanın mətbəx nümunələrinin təamları nümayiş olundu.

 

“Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.

Keçidlər