Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 28 May-Respublika günü qeyd olundu

28 may 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbin təşkilatçılığı ilə 28 May-Respublika gününə həsr olunmuş “Şərqin sönməyən günəşi” adlı tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təsiscisi və direktoru Sabir Həsənov, Azərbaycan şairi və yazıçısı Əli Rza Xələfli,tarix elmləri üzrə fəlsəfə doktoru, tarixçi-arxeoloq Təvəkkül Əliyev, şair Yusif Nəğməkar, rayon ictimaiyyəti və ziyalıları, M.Müşfiq adına 18 saylı məktəbin rəhbərliyi, müəllimləri və şagirdləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə 18 saylı məktəbin direktoru Rəna Süleymanova açaraq bildirdi ki, may Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri- respublikamızın hər yerində təntənəli şəkildə qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Məktəbin direktoru Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasına həsr olunmuş məktəbin hazırladığı videoçarxı təqdim etdi. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gün olduğunu diqqətə çatdırdı. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Əziz Əzizov vurğuladı ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.

Şagirdlərin ifasında İçərişəhərdə lentə alınmış Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş, kompozisiya nümayiş etdirildi. Sonra əsərin süjet xətti ətrafında müzakirələr dinlənildi.

Şagirdlərin 28 May- Azərbaycan tarixinin şanlı səhifəsini əks etdirən yaddaqalan çıxışları tədbiri daha da coşdurdu.

Tədbirin sonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Yasamal rayonu M.Müşfiq adına 18 saylı məktəbdə lentə alınan “Himnimizə hörmət və ehtiramla” videoçarxı nümayiş olundu.

Qeyd etmək lazımdır ki, bu çarx son günlər sosial şəbəkələrdə ən çox izləyici sayı toplamışdır.

Keçidlər