Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayon sakinlərilə görüşüb

16 may 2019 | 11:00

Mayın 16-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun növbəti səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsinin ərazisində Eldar Ağayev küçəsi 333-cü binanın həyətində  sakinlərlə keçirdi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, sakinlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan liberal dəyərlərə əsaslanan dayanıqlı islahatlar haqqında sakinlərə ətraflı məlumat verdi. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinləri məlumatlandırdı. İcra başçısı cənab prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq abadlıq-quruculuq işlərinin ölkəmizin hər yerində olduğu kimi  bu gün Eldar Ağayev küçəsində və ona paralel həyətyani ərazilərdə də asfalt-beton işlərinin aparılıdığını vurğuladı.

Daha sonra icra başçısı Yasamal rayonunda ötən ilin əvvəlindən başlayaraq mövcud problemlərin həllinə yönəlmiş və hal-hazırda davam etdirilən, yaxın gələcəkdə rayonun bütün ərazisini əhatə edəcək iri miqyaslı abadlıq-quruculuq işlərinin  2019-cu ildə də davam etdiriləcəyini və bu il ərzində daha 24 abad məhələnin salınacağını qeyd etdi. 

Rayon sakinləri ölkədə və paytaxt Bakıda həyata keçirilən quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən suallarla bağlı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova müraciətlər etdilər. Sakinləri maraqlandıran məsələlər əsasən kommunal xidmətlər, su və küçə işıqları, sahibsiz itlərin verdiyi narahatlıq və ağacların budanması ilə bağlı oldu. İcra başçısı səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verərək qaldırılan digər məsələlərin tezliklə həyata keçiriləcəyini və cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə göstərişlər verdi.

Keçidlər