Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamalda Şəhid Faiq Rzayevin doğum günü qeyd olundu

13 may 2019 | 11:00

Yasamal rayonu 150 nömrəli tam orta məktəb adını daşıdığı şəhid Faiq Rzayevin doğum gününü qeyd etdi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin, Daxili Qoşunların və “Vətən Fədaisi” cəmiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərin, orta ixtisas məktəblərin və ictimai təşkilatların rəhbərləri, Faiq Rzayevin doğmaları və ailə üzvləri iştirak etdilər.

Əvvəlcə məktəbin girişində şəhid Faiq Rzayevə həsr olunmuş sərginin nümayişi oldu.

Məktəbin akt zalında tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu, sonra torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Sevda Əliyeva şəhidin qəhrəmanlığından söz açaraq bildirdi ki, Faiq Rzayev birinci Qarabağ savaşında, 25 il bundan öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşlərdə düşmənə qarşı qəhrəmancasına döyüşən və şəhidlik zirvəsinə ucalan oğullarımızdandır. Faiq Rzayevin keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, Cəbrayıl rayonu işğal olunan zaman həmin rayonun ərazisində olan Faiq Rzayev döyüşçü dostları ilə birlikdə mühasirəyə düşsə də təslim olmayıblar. Onlar son damla qanlarına qədər düşmənlə vuruşub onun əsas qüvvələrini məhv ediblər. Bu gün"Lələ təpə" adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb. İşğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər. Sevidirici haldır ki, bu gün Azərbaycan ordusu xalqımıza məxsus olan zəngin hərbi ənənələri böyük məsuliyyət və şərəflə davam etdirir. Azərbaycan ordusunun qüdrətlənməsi və inkişafı ilə bağlı ən önənli və danılmaz fakt isə ondan ibarətdir ki, dövlət ordu quruculuğuna xüsusi diqqət və qayğı ilə yanaşır. İnanırıq ki, tez bir zamanda Ali Baş Komandan Cənab İlham Əliyevin səyi nəticəsində torpaqlarımız düşmən tapdağından azad olacaq, qaçqın və köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar.

Sonra Faiq Rzayevin adını daşıyan 150 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında səhnələşdirilmiş “Şəhidlər” ədəbi-bədii kompozisiya nümayiş olundu.

Sonda şəhidin ruhuna dualar oxundu və ehsan süfrəsi verildi.

Keçidlər