Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal məktəbliləri "ŞAHİN" hərbi-idman oyunlarinda BAKI üzrə I yeri tutdu

27 aprel 2019 | 11:00

Aprelin 27-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində"Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə birinciliyi keçirildi. Yarış rəsmi ritualların yerinə yetirilməsi ilə başlandı. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini oxudular.

Gənclərin hərbi vətənpərvərlik, Vətənə, xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasında, onların ordu sıralarına hazırlanmasında "Şahin" hərbi-idman oyunlarının əhəmiyyəti böyükdür. Ulu öndərimiz Heydər Əliyevin gənclərə tövsiyəsi idi: "Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci orduya hazırlaşdırmaqdan ibarət olmalıdır. Gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır. Mən bunu gənclər təşkilatının əsas vəzifəsi hesab edirəm. Siz Vətənimiz Azərbaycanın inkişafı və ordumuzun daha da güclənməsi naminə daim çalışmalı, oxumalı, həm fiziki, həm də mənəvi-psixoloji hazırlığınızı daim artırmalısınız. Ölkəmizin çiçəklənməsi, tərəqqisi və müdafiəsi naminə hər an mübarizəyə hazır olmalısınız!"

"Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə birinciliyində 14 komanda iştirak etdi. Yarışın qaydalarına əsasən, komanda üzvləri 8 maneə zolağından keçdilər. Sıra hazırlığı mərhələsi başa çatdıqdan sonra məktəblilər avtomatın sökülüb-yığılması və tüfəngdən hədəfə atəş açılması məntəqəsinə yollandılar. Hərəkətlərindən hiss olunurdu ki, onlar yarışa ciddi hazırlaşıblar.

"Şahin" hərbi-idman oyunlarının Bakı şəhəri üzrə birinciliyinin qalibi adını Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin komandası qazandı. İkinci yerə Binəqədi , üçüncü yerə isə Nizami rayon məktəbliləri çıxırlar.
Sonda qalib komandamıza yarışın kuboku təqdim olundu. İkinci və üçüncü yerə çıxmış komandaların üzvləri isə fəxri fərmanlarla və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.

Keçidlər