Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon 20 saylı məktəb–liseyin nümayəndə heyəti Naxçıvanda olub

04 may 2019 | 11:00

Mayin 4-də Yasamal rayonu A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin geniş tərkibli nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi və ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün Gənclər və İdman Nazirliyinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Muxtar Respublikaya ezam olunub.

Məktəbin nümayəndə heyəti Naxçıvana yola düşərkən təyyarənin salonunda fləşmob keçirib. Məktəblilər Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirərək fləşmob vasitəsilə ümummilli lider Heydər Əliyevə sevgilərini ifadə ediblər.

Ekskursiya çərçivəsində məktəblilər əvvəlcə Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Burada məktəblilərə mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Mərkəz həm ölkəmizdə, həm də dünyada yuxarı tənəffüs yolları xəstəliyindən əziyyət çəkən pasiyentlərin müalicəsində mühüm rol oynayır.

Sonra tədbir iştirakçıları Dövlət Bayrağı Muzeyinə gəliblər. Tanışlıq zamanı bildirilib ki, muzeyin ekspozisiyasında tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları və inzibatı xəritələri sərgilənir. Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanları məktəblilərdə böyük maraq doğurub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, gənclər və idman naziri Azad Cabbarov məktəblilərlə görüşdə Muxtar Respublikada gənclərə və təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.

Məktəblilər günün ikinci yarısında Heydər Əliyev Muzeyində olublar. Məlumat verilib ki, muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar toplanıb. Muzey dahi rəhbərin həyat yolunun öyrənilməsi, araşdırılması və təbliğində müstəsna rol oynayır. Muzeydə yüksək səviyyəli tədbirlər, eyni zamanda, mütəmadi qaydada açıq və interaktiv dərslər keçirilir. Məktəblilər dahi şəxsiyyətin gənclərlə görüşü zamanı çəkilən fotoşəkillərə, o cümlədən həyatının müxtəlif məqamlarını əks etdirən sənədlərə maraqla baxıblar.

Möminə Xatun türbəsi ilə tanışlıq zamanı bildirilib ki, Əcəmi memarlıq məktəbinin şah əsəri, orta əsrlər Azərbaycan intibahının yadigarı olan bu əzəmətli abidə 1186-cı ildə tikilib. Bütövlükdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatun türbəsi yeraltı sərdaba və yerüstü hissələrdən ibarətdir.

Məktəblilər Şahmat Mərkəzi ilə də tanış olublar. Məlumat verilib ki, mayın 1-dən mərkəzdə “Naxçıvan–2019” beynəlxalq şahmat festivalı keçirilir.

Sonra məktəblilər Naxçıvan şəhərindəki açıq səma altında yerləşən Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər. Burada nümayiş olunan müxtəlif dövrlərə aid silah, texnika və qurğular, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi təyinatlı avtomobillər məktəblilərin diqqətini çəkib.

Sonra Naxçıvan Dövlət Universitetinə gələn paytaxt məktəbliləri universitetin tanıtım çarxını izləyib, ali təhsil ocağının fakültələri ilə yaxından tanış olublar.

Ekskursiya çərçivəsində məktəblilər Naxçıvan Biznes Mərkəzi ilə də tanış olublar. Məlumat verilib ki, burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir.

Nümayəndə heyəti xoş təəssüratlarla paytaxt Bakıya qayıtdılar.

Keçidlər