Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım tədbiri

06 may 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Yasamal rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə anım günü keçirildi.

Tədbir öncəsi Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektiv üzvləri ulu öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib gül dəstələri qoyublar.

Anım günü Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və bir dəqiqəlik sükutla ulu öndər Heydər Əliyevin əbədi xatirəsinin yad edilməsindən sonra başladı.

Tədbiri giriş sözü ilə Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova açaraq Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış dahi şəxsiyyət Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında məlumat verdi.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova Yasamal rayonu ərazisində dahi rəhbərin anadan olmasının 96 illiyi ilə bağlı keçirilən tədbirlərdən danışdı.Bildirdi ki, Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

AMEA-nın şöbə müdiri, professor Mahirə Quliyeva “Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza, ana dilimizin inkişafına böyük hörmət və ehtiramı” mövzusunda çıxış etdi.

AMEA-nın Azərbaycan Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətindən danışandan sonra neft sənayesinin inkişafında xidmətlərini də xüsusi vurğuladı.

AMEA-nın şöbə müdiri, professor Füzuli Qurbanov ulu öndər Heydər Əliyevin yüksək zəka, hərtərəfli dərin bilik, nümunəvi ictimai-siyasi fəaliyyət sahib olmasından bəhs etdi.

AMEA-nın aparıcı elmi işçisi Xədicə İsgəndərli zəngin dühaya malik Heydər Əliyevin layiqli ömür yolunu nəsillərə nümunə adlandırdı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva Azərbaycanın 1960-cı illərin sonundan XXI əsrin əvvəllərinədək böyük bir dövrün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi.

Anım günündə ümummilli lider Heydər Əliyevin həyatı və Azərbaycan naminə fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.

Tədbirdə həmçinin, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev, kitabxananın kollektivi, ziyalılar, məktəblilər iştirak etdilər.

Məktəblilərin ifasında Azərbaycan, ulu öndər Heydər Əliyevə həsr olunmuş şerlər söyləndi, mahnılar oxundu.

Tədbirin sonunda məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş şer müsabiqəsinin qalibləri Fəxri Fərmanlarla mükafatlandırıldılar.

Keçidlər