Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dövlət Pedaqoji Kollecində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olundu

30 aprel 2019 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 dekabr 2018-ci il tarixində “Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi” haqqında sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpgili tədbirlərdə qeyd olunması nəzərdə tutulur.

Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində həm Prezidentin sərəncamını rəhbər tutaraq, həm də təhsil ocağının 100 illik yubileyi ərəfəsində Cəfər Cabbarlının 120 illik yubileyinin qeyd edilməsi münasibətilə aprelin 30-da dramaturqun “Solğun çiçəklər” pyesinin kollecin “Mizan” tələbə teatrının ifasında (quruluşçu rejissor professor, xalq artisti M.Qasımov) premyerası və dramaturqun yaradıcılığna həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Ümid Mirzəyev, C.Cabbarlı ocağının yadigarları , onun nəvələri - C.Cabbarlı ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı və Bəhlul Abbasov, vaxtilə C.Cabbarlının müəllimi olmuş böyük şairimiz Abdulla Şaiqin nəvəsi, onun adını daşıyan ev-muzeyinin direktoru filologiya üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti, Prezident mükafatçısı Bəhruz Vaqifoğlu və digər qonaqlar iştirak etdi.

Cəfər Cabbarlı M.F.Axundzadə ilə təməli qoyulan milli dramaturgiyamızın sadəcə varisi, davamçısı olmamış, eyni zamanda onu “Solğun çiçəklər”, “Od gəlini”, “Oqtay Eloğlu”,”Aydın”, ”Sevil”, ”Almaz”, ”1905-ci ildə”, ”Yaşar”, ”Dönüş”, “Trablis müharibəsi”, ”Ulduz”, ”Nəsrəddin şah” və s. əsərlərindəki qoyulan problem və qəhrəmanlarla zənginləşdirmişdir.

C.Cabbarlı əsərlərində nə istəyirdi,oxucularına nəyi təlqin edirdi: köhnə dünyaya, onun zülmünə qarşı mübarizə, səfalətin, yoxsulluğun törətdiklərinə nifrət, xoşbəxt, işıqlı gələcək arzuları, azad məhəbbətin tərənnümü, yeni nəslin sabahına inamı və s. Onun qəhrəmanları kim olurlarsa olsunlar – çox yüksəkdə dayananlardır... lap C.Cabbarlının özü kimi.Cabbarlı həyat yaratmaq üçün səhnə yaratmaq istəyirdi. Onun həyat idealı da məhz bu istəkdən, bu arzudan doğurdu.

Tədbir kollecin foyesindən C.Cabbarlının həyat və yaradıcılığını əks etdirən səyyar- sərginin nümayişi, ədibin şeirlərinin ayrı-ayrı tələbələr tərəfindən ifa olunması və Kollecin 100 illiyinə həsr olunmuş tələbələrin əl işlərindən ibarət sərginin təqdimatı ilə başlandı. Daha sonra Kollecin akt zalında “Mizan” tələbə-dram dərnəyinin (truppanın rəhbəri Azərbaycan Respublkasının xalq artisti, professor Məmməd Səfa Qasımovdur) ifasında “Solğun çiçəklər” tamaşası nümayiş olundu.

Əsər çox aktual bir mövzuya həsr olunmuşdur... Cəfər Cabbarlı bu əsərində mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirərək, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verdiyini ifşa etmişdir.

Tədbirin axırında qonaqlar çıxış edərək həm tamaşa haqqında təəssüratlarını bölüşmüş, həm də C.Cabbarlı yaradıcılığının möhtəşəmliyindən söz açmışlar.

Keçidlər