Şriftin ölçüsü :

Saytın rəngi :

"Dünya tarixinin Azərbaycanlı Dahisi" mövzusunda elmi konfrans keçirildi

30 aprel 2019 | 11:00

Aprelin 30-da Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, rayon icra hakimiyyəti və AMEA-nın Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Dünya tarixinin Azərbaycanlı Dahisi" mövzusunda elmi konfrans keçirildi. Konfrans iştirakçıları rayon təşkilatının foyesindəki Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etdilər. Sonra "Müasir Azərbaycanın qurucusu" adlı sərgi ilə tanış oldular.

Konfransı giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ümummilli Lider Heydər Əliyevin sovet dövründəki fəaliyyətindən, Azərbaycana yenidən rəhbər gəldikdən sonra xilaskarlıq missiyasından danışdı: "Ulu Öndər Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Ulu Öndərin qurduğu Azərbaycan bu gün Onun siyasi davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyinin layiqli üzvü kimi müstəqil siyasət həyata keçirir".

Konfransda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev deyəndə, həmişə müstəqil dövlətçiliyimizi, ölkəmizdə yaradılmış möhkəm sabitliyi, əmin-amanlığı, inkişaf və tərəqqini düşünürük. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqı, milləti və Vətəni qarşısında xidmətləri ölçüyəgəlməzdir.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müstəqilliyin qorunub-saxlanmasında Ümummilli Liderin xidmətlərini vurğulayaraq, ərazi baxımından kiçik bir dövlət olan Azərbaycanın Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi iradəsi sayəsində həyata keçirdiyi dərin islahatlar bugünkü modern və dayanıqlı inkişaf yolu ilə gedən Azərbaycan Respublikasının qlobal miqyasda öz layiqli yerini tutmasında müstəsna rol oynayıb.

Tədbirdə çıxış edən BDU-nun tarix fakültəsinin dekanı Azad Rzayev Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən danışdı.

Sonra partiya sıralarına qəbul olan şəxslərə üzvlük vəsiqələri təqdim olundu. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Müasir Azərbaycanın Qurucusu" adlı sərginin iştirakıları diplomla təltif edildilər. BDU-nun tarix fakültəsinin bir qrup müəllim və tələbəsinə Heydər Əliyevə həsr olunmuş kitablar təqdim edildi.

AMEA-nın Tarix İnstititutu tərəfindən isə YAP Yasamal rayon təşkilatına və Yasamal rayon İcra Hakimiyyətinə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablar hədiyyə olundu.

Keçidlər