Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirildi
1986-cı ilin aprelində Cernobıl Atom Elektrik Stansiyasında baş verən qəza ən dəhşətli texnogen faciələrdən biri sayılır. Faciənin baş verməsindən 33 ildən artıq vaxt keçsə də, onun fəlakətli nəticələri unudulmur. Bu münasibətlə Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qeyd etdi ki, qəza nəticəsində 7 min nəfər həyatını itirib, 25 min nəfərdən çox sakin güclü radiasiyaya məruz qalaraq ömürlük əlil olub. Həmin günlər o vaxtkı ittifaqın digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 min nəfər faciənin nəticələrinin aradan qaldırılmasında iştirak edib. Onların bir çoxu təhlükəli və ağır şəraitdə işlədiklərindən normadan artıq şüalanmaya məruz qalıb, səhhətlərinə ciddi ziyan dəyib. Bildirdi ki, 1993-cü ilin axırlarında xalqımızın ümummilli lideri Heydər Əliyev Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladıqdan sonra onların keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanılıb, pensiya və müavinətləri artırılıb. Yasamal rayonunda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən 187 nəfərdən 50-si dünyasını dəyişib, 137 nəfər müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən təqaüd, müavinət və müalicələrlə təmin olunurlar.
Respublika Çernobıl əlilləri cəmiyyətinin sədri Mirhəsən Həsənov öz çıxışında bildirdi ki, Azərbaycanda 4594 Çernobıl qəzasının iştirakçısı yaşayır. Hazırda onların 50-65 yaşı var. Lakin onların çoxu öz real yaşından xeyli qoca görünürlər. Onların 90 faizindən çoxu əlillik statusu alıb. Onlar 33 ildir ki, hər gün ağrılar və xəstəliklərlə mübarizə aparırlar. Azərbaycandan olan Çernobıl iştirakçılarından 2 mindən çoxu indi həyatda yoxdur. Bu gün respublikamızda Çernobılda hərbi xidmət keçərək əlillik dərəcəsi alan 2864 nəfər yaşayır. Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib. 1993-cü ildə qəbul edilmiş "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olan şəxslərə Prezident təqaüdü verilir. Çernobıl əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması da diqqətdə saxlanılır və indiyədək 190 nəfər Çernobıl əlili müharibə əlilləri və şəhid ailələri üçün inşa olunmuş binalardan mənzillə təmin ediliblər. Eyni zamanda müharibə əlilləri ilə bərabər 64 nəfər Çernobıl əlilinə dövlət hesabına minik avtomobili verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı Çernobıl əlilləri də hər il sanatoriya-kurort putyovkaları ilə təmin olunurlar.
Tədbirin sonunda dəhşətli faciəni əks etdirən film nümayiş olundu, Çernobıl əlillərinə ərzaq bağlamaları təqdim edildi.