Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyinin qaliblərinin mükafatlandırılması

24 aprel 2019 | 11:00

Aprelin 24-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunu üzrə Yasamal rayon birinciliyi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəis müavini polkovnik-leytenant Ramin Hacıyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev, Yasamal rayon 158 saylı tam orta məktəbin direktoru Mehriban Ələkbərova, 31 saylı tam orta məktəbin direktoru Kərim Abidli, 20 saylı tam orta məktəbin direktor müavini Rövşən Şirinov, məktəblərin şagird və müəllim kollektivi iştirak ediblər.

İlk olaraq məktəblilər Mərkəzin “Muzey” bölməsi ilə tanış olublar, ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Şahin" hərbi-idman oyunu 1996-cı ildən başlayaraq X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən biridir. Bu oyunlar böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi ilə keçirilir. Gənclər və İdman, Təhsil, Müdafiə, Fövqəladə Hallar, Mədəniyyət və Turizm Nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Respublika Veteranlar Şurasının birgə qərarına əsasən təşkil edilən oyunlar ildən-ilə təkmilləşərək kütləviləşmiş və məktəblilərin maraqla qatıldığı oyunlara çevrilmişdir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova çıxışında “Şahin” hərbi-idman oyunu üzrə Yasamal rayon birinciliyi qaliblərini təbrik edib, bol qalibiyyətlər arzulayıb və vurğulayıb ki, Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və dəyərlidir.

“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev məqsədyönlü iş nəticəsində məktəblilərin oyuna cəlb olunması sahəsində komandalar arasında rəqabətin ildən-ilə gücləndiyini, məktəblilərin hərbi-fiziki hazırlığında müsbət irəliləyişlərin olduğunu bildirib.

Sonda “Şahin” hərbi-idman oyunu üzrə Yasamal rayon qalibləri mükafatlandırılıb.

Keçidlər