Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Həyat bəxş elə” adlı xeyriyyə tədbiri keçirildi

26 aprel 2019 | 11:00

Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan xalqının parlaq siması, yaddaşlarda görkəmli alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür-gün yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə xanımın xatirəsinə həsr olunmuş “Həyat bəxş elə” adlı xeyriyyə tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil Naziliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinin və digər qurumların nümayəndələri, şagirdlər, müəllimlər və valideynlər iştirak etdilər.

Azərbaycan qadınının dolğun obrazını yaradan Zərifə xanım işıqlı amalları, ləyaqətli ömür yolu ilə xalqın yaddaşında həmişəyaşardır. Akademik Zərifə Əliyeva adına lisey Zərifə xanımın 85 illik yubileyi ərəfəsində istifadəyə verilmişdir. Zərifə xanımın həyat fəlsəfəsi olan “Günəştək olaq” ifadəsi liseyin devizinə çevrilmiş, onun xeyirxahlıq məktəbi, ləyaqətli həyat yolu və insanlıq fəlsəfəsi kollektivin hər bir üzvü üçün nümunə olmuşdur. Hər il kollektiv Zərifə xanımın layiqli davamçıları kimi xəstə, kimsəsiz uşaqlara yardım aksiyaları keçirir, bu da xeyirxahlıq və mərhəmət hissinin aşılanmasında əməli olaraq tərbiyə nümunəsinə çevrilir.

Bu il də liseyin şagird, müəllim və valideynlərdən ibarət kollektivi Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinin təqdim etdiyi ürək qüsurlu 13 yaşlı Ləman Qurbanovaya əməliyyatı üçün dəstək oldular.

Tədbir Zərifə xanıma həsr olunmuş dərslərlə başladı. Daha sonra qonaqlar xeyriyyə aksiyasına qoşuldular. Şagirdlərin təşkil etdiyi yarmarkada hamı bir amal kimi çalışırdı. Saat 12:00-da başlayan xeyriyyə konserti bir saat davam etdi.

Dostluq, birlik, həmrəylik, humanizm və xeyirxahlıq idealarının reallaşdığı gündə liseyin səsinə səs verən İncəsənət Gimnaziyası, 3 nömrəli Uşaq İnkişaf Mərkəzinin kollektivi də ürəklə çıxış etdi. Bir-birindən gözəl nömrələrlə şagirdlər Ləmana kömək etmək üçün əllərindən gələni əsirgəmədilər.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Əziz Əzizov, həmçinin qeyd etdi ki, Zərifə xanım, sözün əsl mənasında, böyük həkim idi. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermişdir, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub.

Liseyin direktoru Mehriban Vəliyeva çıxış edərək Azərbaycan xalqının görkəmli alimi haqqında məlumat verdi. Xalqımızın gözəl dəyərlərini yaşadan Zərifə xanımın xatirəsi qonaqlar tərəfindən də dərin hörmətlə anıldı. OCEP-2019 “Olimpiya mədəniyyyəti və təhsil proqramı çərçivəsində layihənin əsas ideyalarından olan dostluq, həmrəylik, gender bərabərliyi, humanizm, xeyirxahlıq kimi keyfiyyətlərin bu tədbirdə reallaşdığını, xalqımıza məxsus dəyərlərin təbliğinin əhəmiyyətini xüsusi qeyd etdi.

Aksiyada toplanan vəsait Ləman Qurbanovanın əməliyyatı üçün Uşaqların Xoşbəxt Gələcəyi İctimai Birliyinə təqdim edildi.

Nurlu əməlləri ilə yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın yaddaşında əbədi yaşayacaq , gözlərə nur bəxş edən görkəmli alim gözəl pedaqoq və nurlu şəxsiyyət kimi gənc nəslə həmişə örnək olacaqdır.

Keçidlər