Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 96 illiyi qeyd olundu

26 aprel 2019 | 11:00

Yasamal rayonunda fəaliyyət göstərən 2 nömrəli Bakı Baza Tibb Kollecində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq, Zərifə xanım təkcə respublikamızda deyil beynəlxaq aləmdə də yaxşı tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilib. Akademik Zərifə xanım Əliyeva öz qayğıkeşliyi və səmimiyyəti ilə onu əhatə edən insanların rəğbətini, ehtiramını qazanıb.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirdi ki, Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib. Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq "Bilik" Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, "Əməkdar Elm Xadimi" fəxri adına layiq görülüb. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, Prezidentimiz İlham Əliyevin anasıdır.

Sonra 2 nömrəli Bakı Baza Tibb Kollecinin göz xəstəlikləri fənn müəllimi Aynur Səfixanova Zərifə xanımın həyat və yaradıcılığından geniş məruzə ilə çıxış etdi.

Sonda Kollecinin tələbələrinin ifasında ədəbi-bədii kompozisiya səsləndirildi, eyni zamanda, Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayiş olundu

Keçidlər