Şriftin ölçüsü :

Saytın rəngi :

“Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində İtaliya-Azərbaycan dostluğuna aid tədbir keçirildi

11 aprel 2019 | 11:00

Aprelin 11-də Yasamal rayonu 158 nömrəli tam orta məktəbdə “Olimpiya mədəniyyəti və təhsil” proqramı çərçivəsində növbəti tədbir keçirilib. Tədbir Azərbaycan-İtaliya dostluq əlaqələrinə həsr olunub.

Tədbirdə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari və xanımı, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyinin nümayəndələri, 158 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

Tədbir iştirakçıları əvvəlcə hər iki ölkənin mədəniyyəti, dostluq əlaqələri, tarixi və adət-ənənələri ilə bağlı rəsm sərgisinə baxdılar. Sonra qonaqlar coğrafiya, kimya və fizika fənləri üzrə dərs prosesini izlədilər. Məktəbin akt zalında hər iki ölkənin Dövlət Himnləri səsləndi. Məktəbin tarixini əks etdirən video nümayiş olundu.

Məktəbin direktoru Mehriban Ələkbərova tədbirdə belə tədbirlərin şagirdlərin biliklərinin və dünyagörüşlərinin artırılmasında önəmini qeyd etdi. İtaliya xalqının, mədəniyyətinin və incəsənətinin ölkəmizdə çox sevildiyini vurğulayan direktor bildirdi ki, tədbirin məqsədi şagirdlərin İtaliyanın tarixi və mədəniyyəti haqqında ətraflı məlumatlandırılmasıdır.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri yüksək diqqət və qayğı nəticəsində əldə olunan uğurlardan danışdı. O, respublikamızda son dövrdə üç mindən çox məktəb binasının əsaslı təmir olunmasını və yenidən tikilməsini, minlərlə gəncin dünyanın qabaqcıl universitetlərində təhsil almasını bu diqqət və qayğının göstəricisi olduğunu dedi. Azərbaycan İtaliya əlaqələrinin sürətlə inkişaf etdiyini deyən Əziz Əzizov bu baxımdan dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərini diqqətə çatdırdı.

Səfir Auqusto Massari Azərbaycan xalqının yüksək qonaqpərvərliyini məmnunluqla qeyd edərək tədbirə ev sahibliyinə görə məktəbin kollektivinə minnətdarlığını bildirdi. Diplomat Azərbaycanda digər sahələrlə yanaşı, Olimpiya hərəkatının da sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Auqusto Massari İtaliya-Azərbaycan dostluğuna aid sərgidə ən yaxşı əsərin müəllifinin ölkəsinə bir həftəlik səyahət imkanı qazanacağını vurğuladı.

Tədbirdə məktəbin şagirdləri Azərbaycan-İtaliya dostluğuna aid kompozisiyalarla çıxış etdilər. Hər iki dövlətin rəqsləri, milli adət-ənənələri, Azərbaycan və İtaliya mətbəxinin ləziz təamları nümayiş olundu.

“Olimpiya mədəniyyəti və təhsil proqramı” cari ilin iyulunda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilir. Proqram Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun maliyyə dəstəyi, Azərbaycan Milli Olimpiya Komitəsinin təşkilatçılığı, “Bakı 2019” Avropa Gənclərinin Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi, həmçinin Təhsil, Gənclər və İdman nazirliklərinin köməyi ilə reallaşdırılır. Proqramın məqsədi Avropa Olimpiya Komitəsinə üzv ölkələrin gəncləri arasında və onların vasitəsilə mədəniyyəti, idmanı və Olimpiya hərəkatını təşviq etməkdir.

Keçidlər