Şriftin ölçüsü :

Saytın rəngi :

«ŞAHİN» HƏRBİ-İDMAN OYUNU ÜZRƏ RAYON BİRİNCİLİYİ KEÇİRİLDİ

11 aprel 2019 | 11:00

Yasamal rayon Icra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 11 aprel 2019-cu il tarixdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində orta ümumtəhsil məktəbliləri arasında «Şahin» hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi.

Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edildi. Torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra çıxış üçün söz, Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizova verildi. Əziz Əzizov öz növbəsində yarış iştirakçılarını salamlayaraq komandalara uğurlar arzuladı. Əziz Əzizov bildirdi ki, aprel döyüşləri xalqımızın, o cümlədən ordumuzun yüksək hərbi-vətənpərvərlik ruhunu bir daha nümayiş etdirdi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında torpaqlarımızın yaxın zamanlarda düşmən tapdağından azad olunacağına əminlik yaradır.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi general-mayor Gəray Bağırov iştirakçılara uğurlar arzuladı və çıxışında bildirdi ki, Azərbaycan ordusu indi regionun ən güclü ordusu olmaqla yüksək peşəkar əsgər və zabit heyətinə malikdir. Gəray Bağırov qeyd etdi ki, şanlı aprel döyüşləri Azərbaycan ordusunun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, sülh danışıqları baş tutmayacağı təqdirdə torpaqlarımızın ordumuz tərəfindən qısa müddət ərzində işğaldan azad olunacağına bir daha əminlik yaratdı.

Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov öz çıxışında bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir. İlham Səfərov qeyd etdi ki, bu kimi oyunların keçirilməsində başlıca məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq, gənclərdə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən, çağırışçı gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Təntənəli açılış mərasimi bitdikdən sonra komandalar yarışın əsasnaməsinə müvafiq olaraq mərhələlər üzrə yarışa başladılar.

Təntənəli açılış mərasimində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsinin rəisi Polad İbrahimov, «Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri» İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Qarabağ müharibəsi qaziləri və digər şəxslər iştirak etdi.

Birincilikdə rayon ərazisində fəaliyyət göstərən 19 tam orta məktəbin komandası öz qüvvəsini sınadı. Yarışın yekun nəticəsinə görə I yerə 20 nömrəli tam orta məktəb-liseyin komandası, II yerə 31 nömrəli tam orta məktəbin komandası, III yerə 158 nömrəli tam orta məktəbin komandası layiq görüldülər.

Rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazandı. Tədbir 4 saata yaxın davam etdi, 266 nəfər yeniyetmə və gənc birincilikdə iştirak etdi.

Keçidlər