Şriftin ölçüsü :

Saytın rəngi :

İdarə və müəssisələrdə Novruz bayramı tədbirləri keçirilir

15 mart 2019 | 11:00

2 nömrəli Bakı Baza Tibb Kollecində “Novruz-2018” adlı tədbir keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, 1 nömrəli Tibb Kollecinin direktoru Nəriman Mövsümov, səhiyyə işçiləri, Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat şöbə müdiri Elnarə Muradova, müəllimlər, tələbələr və başqa qonaqlar iştirak edirdilər. Kollecin foyesində nümayiş olunan tələbələrin əl işlərindən ibarət milli adət-ənənələrimizi, Novruz atributlarını, bahar əhval-ruhiyyəsini əks etdirən gözəl kompozisiyalar qonaqları heyran etdi və milli musiqimiz səsləndi. Xüsusilə “Müalicə işi” şöbəsinin tələbəsi Aytac Sultanovanın hazırladığı “Şuşada Novruz bayramı” kompozisiyası hər kəsin qəlbində qələbəyə və xoş gələcəyə inam hissləri aşıladı.

Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qonaqları, müəllim-tələbə heyətini “Novruz” bayramı münasibəti ilə təbrik edərək ölkəmizə, dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzuladı.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirdi ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırdı. Əziz Əzizov bildirdi ki,“Ümummili lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq ölkəmiz illərdir Novruz bayramını geniş şəkildə - rəsmi dövlət bayramı kimi qeyd edir. Dövlət başçısı İlham Əliyevin siyasəti, güclü iradəsi sayəsində tezliklə Qarabağda Novruzu qarşılayacağımıza inanırıq. Sonda Əziz Əzizov bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firəvanlıq arzuladı.

Kollecin “Şəfa” rəqs qrupunun, “Təbib” xor kollektivinin iştirakı ilə gözəl mahnı və rəqs nömrələri, tələbələrin hazırladığı “Arşın mal alan” kompozisiyası, şerlər və haxışdalar, Kosa və Keçəlin məzəli söhbətləri hər kəsdə gözəl bayram əhval-ruhiyyəsi yaratdı. “Novruz gəlir, yaz gəlir” bayram tədbiri möhtəşəm sonluq və alqışlarla başa çatdı.

Keçidlər