Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində yola düşdülər

15 mart 2019 | 11:00

Martın 15-də Yasamal rayon orta ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 27 şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvan şəhərinə yola düşmək üçün Yasamal rayon Heydər Əliyev Mərkəzinə toplaşdılar. “Ölkəmizi Tanıyaq” maarifləndirici tur-aksiyasında iştirak edən Yasamal rayon məktəbliləri 4 gün davam edəcək tur-aksiyada Naxçıvan turu üzrə Ordubad, Culfa, Şahbuz rayonlarının müasir həyatı, tarixi,irsi, adət-ənənələri və özünəməxsus xüsusiyyətləri ilə tanış olacaqlar. Təntənəli yolasalmada rayon İcra Hakimiyyətinin rəhbərliyi,valideynlər,müəllimlər, müharibə və əmək veteranları, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsini ziyarət edib gül dəstələri qoydular, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizov vurğuladı ki, “Ölkəmizi Tanıyaq” lahiyəsi şagirdlərin hərtərəfli inkişafı, dünyagörüşlərinin zənginləşməsi, vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında tarixi mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir. Bildirdi ki, gözəl diyarımız olan Naxçıvanda inkişafın təməli ulu öndər Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə qoyulub və Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşib. Şagirdlər blokada şəraitində intibah yaradan müasir Naxçıvanla tanış olacaq, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlar. Eyni zamanda, məktəblilər Naxçıvanda bu günədək qorunub saxlanılan və bərpa olunan Möminəxatun, Nuh Peyğəmbər, Qarabağlar türbələri, “Əshabi-Kəhf” ziyarətgahı və digər qədim abidələr, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev-muzeyləri ilə tanış olacaqlar. Şagirdlərə, həmçinin Naxçıvanın “İslam Mədəniyyətinin Paytaxtı - 2018” missiyasını uğurla yerinə yetirməsi barədə də ətraflı məlumatlar veriləcək. Bu maarifləndirici tur-aksiya gənclərin tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verir.Bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə kömək edir, məktəblilər tur-aksiya zamanı Vətənimizin inkişafını öz gözləri ilə görür və yeni biliklər əldə edirlər.

Şagirdlər, müəllimlər, valideynlər bu şəraiti yaratdığı üçün dövlətimizin başçısı Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə Yasamal rayon 22 saylı Musiqi Məktəbinin, İncəsənət gimnaziyasının və 4 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri bədii kompozisiyalarla çıxış etdilər.

Sonra iştirakçılar onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev adına hava limanına yola düşdülər.

Keçidlər