Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Universitetinin akt zalında Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun sakinlər ilə növbəti səyyar qəbul-görüşü keçirildi

07 mart 2019 | 11:00

Martın 7-də Xəzər Universitetinin akt zalında, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun Murtuza Muxtarov, Bəşir Səfəroğlu, Mirzəağa Əliyev, Vidadi, Çingiz Mustafayev küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirildi. Səyyar qəbul-görüşdə rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayon bələdiyyəsinin və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etdilər.

Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq sahələrinin salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirdi. İcra başçısı qeyd etdi ki, bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Paytaxtımızda yeni çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşası ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun gəlməyən, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilib. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu məhəllənin sökülməsi Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olmaqla, şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynadı. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir.

İcra başçısı Əziz Əzizov öz çıxışında “Sovetski”nin köçürülməsinin əhəmiyyətindən danışaraq, bu layihənin yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlət başçısının təşəbbüsü ilə öz həllini tapdığını xüsusi vurğuladı. Həmçinin bildirdi ki, 2014-cü ilin əvvəlindən başlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Bakı şəhərinin Baş Planına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət ehtiyacları üçün torpağın və daşınmaz əmlakın alınması haqqında qanuna müvafiq qaydada Yasamal rayonunun “Sovetski” adlanan ərazisində söküntü işləri həyata keçirilir. İşlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınmışdır. II mərhələdə Bakı şəhərinin Baş Planına uyğun olaraq, 13 hektar ərazini əhatə edən söküntü ərazisində dövlət əhəmiyyətli komunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü nəzərdə tutulub ki, indiyədək 1840 obyekt ilə alqı-satqı prosesi həyata keçirilib. Həmçinin qeyd olundu ki, söküntü işləri ilə bağlı Yasamal rayon İcra Hakimiyyəti nəzdində yaradılan Köçürmə üzrə İşçi Komissiyası fəaliyyət göstərir. Mənzili söküntü ərazisinə düşən hər bir sakin işçi komissiyasına müraciət edə bilər.

Sakinlər tərəfindən verilən sualları cavablandıran icra başçısı Əziz Əzizov ölkə Prezidenti İlham Əliyevin “Sovetski” ərazisində yaşayan sakinlərə göstərdiyi diqqət və qayğı nəticəsində uzun müddət şəraitsiz vəziyyətdə yaşayan vətəndaşlarımızın yeni evlərə köçməklə sosial vəziyyətlərinin normallaşacağını xüsusilə vurğuladı.

Səyyar qəbul-görüşdə sakinləri maraqlandıran suallara ətraflı cavab verildi.

İcra başçısı Əziz Əzizov cari il üçün Yasamal rayonu üzrə Məşğulluq Mərkəzinə 695 vakant yer ayrıldığını bildirdi. Boş qalan iş yerlərinə vətəndaşlar müraciət edə bilər.

Sonda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov səyyar qəbulda qaldırılan məsələlərin tezliklə həyata keçiriləcəyini qeyd edərək, cari işlərin həlli üçün müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verdi.

Keçidlər