Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olundu

05 mart 2019 | 11:00

Yasamal Rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Ağ çiçəyim” şadlıq sarayında 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirildi.

Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizov bayram münasibətilə qadınları təbrik edərək bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun ayrılmaz tərkib hissəsi kimi qadınların sosial-iqtisadi, siyasi həyatın bütün sferalarında normal fəaliyyətlərinin təmin edilməsi, onların cəmiyyətdə rolunun artırılması və gender bərabərliyinin təmin edilməsi sahəsində mühüm işlər görülüb. Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib. Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür. Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onun hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Digər çıxış edənlər də Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunmuş uğurlardan bəhs etdilər. Bildirdilər ki, hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində Prezident İlham Əliyev ənənəvi olaraq respublikamızın ictimai həyatında və özfəaliyyət sahələrində fərqlənən bir qrup qadına vətənin yüksək mükafatının və fəxri adların verilməsi ilə bağlı sərəncam imzalayır. Bu, Azərbaycan cəmiyyətində xüsusi yer tutan qadınlarımızın fəaliyyətinə ölkə başçısı tərəfindən verilən yüksək dəyərin və dövlətimizin qadına göstərdiyi qayğı və diqqətin bariz nümunəsidir. “dünyanın heç bir yerində Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm” deyən, 8 Martı “ən gözəl bayram” adlandıran ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə qadınların ümumi inkişafı, onların ictimai həyatda layiqli yer tutması üçun məqsədyönlü, ardıcıl tədbirlər həyata keçirmişdir.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti Aparatında və elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan və digər qurumlarda fəaliyyət göstərən, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınlar Yasamal rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edildilər. Bayram tədbirində iştirak edən bütün qadınlara da rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olundu.

Bayram tədbirində Azərbaycan Respublikasının xalq artistləri, əməkdar artistlər, tanınmış incəsənət ustaları, 4 saylı Uşaq İnkişaf Mərkəzinin rəqs qrupu, A.Şərifzadə adına və İ.Əbilov adına Mədəniyyət Mərkəzlərinin ansanblları çıxış etdilər.

Keçidlər