Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Novruz yarmarkası açılıb

02 mart 2019 | 11:00

Martın 2-də Yasamal rayonunda Hüseyn Cavid prospektində, Azərbaycan Milli Elmlər Akademiyasının binasının qarşısındakı parkda Novruz yarmarkası təşkil edilib.

Yarmarkada respublikamızın müxtəlif bölgələrindən olan fermerlər, ailə təsərrüfatları əhaliyə geniş çeşiddə kənd təsərrüfatı məhsullarını bazar qiymətlərindən xeyli ucuz təklif edirlər. Məhsulların keyfiyyətinə və qiymətlərinə müvafiq qurumlar tərəfindən nəzarət olunur.

Azərbaycan Respublikasının Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev yarmarkanın fəaliyyəti ilə tanış olub. Satıcılarla, fermerlərlə söhbət edən Zeynal Nağdəliyev onlara yaradılan şəraitlə, satışa çıxarılan məhsulların qiymətləri ilə maraqlanıb. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığı əsasında təşkil edilən bu yarmarkalarda məqsəd kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərin, sahibkarların öz məhsullarını əlverişli şəraitdə yarmarkada sata bilmələri, əhalinin isə ucuz qiymətə bu məhsulları almasıdır. Yarmarkalarda qiymət bazarlardakından xeyli aşağıdır.

Ölkəmizdə aqrar sahəyə, o cümlədən fermerlərə göstərilən dövlət dəstəyi əhalinin məşğulluğunun təmin olunması, insanların sosial rifahının yaxşılaşdırılması ilə yanaşı, həm də məhsul bolluğu yaradır. Belə tədbirlər əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında, süni qiymət artımının qarşısının alınmasında və istehlakçıların seçim imkanlarının artırılmasında mühüm rol oynayır.

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları da bu məqsədə xidmət edir. Yarmarkada satıcı və alıcıların rahatlığının təmin olunması üçün əlverişli ticarət mühiti yaradılıb. Fermerlər, sahibkarlar və kənd təsərrüfatı məhsulları istehsalçıları məhsullarını satmaq üçün yarmarkaya gətirir və münasib qiymətlərlə alıcılara təklif edirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, martın 16-dan 21-dək isə hər gün Novruz yarmarkaları keçiriləcək.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əhalinin tələbatı nəzərə alınaraq Bakı şəhərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında respublikanın 42 rayonundan 52 adda məhsul çıxarılacaq.

Keçidlər