Şriftin ölçüsü :

Saytın rəngi :

5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş festival keçirildi

01 mart 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 01 mart 2019-cu il tarixdə, Azərbaycan Texniki Universitetinin İdman Sarayında 5 mart - Bədən tərbiyəsi və idman gününə həsr olunmuş festival keçirdi.

Тədbirə marş sədaları altında Cəmşid Naxçıvanski adına hərbi liseyin müdavimlərinin müşayəti ilə Azərbaycan Respublikasının Dövlət Bayrağının meydana gətirilməsi ilə start verilmiş, daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə festival açıq elan edildi. Təntənəli açılış mərasimindən sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 04 mart 2005-ci il tarixli sərəncamı ilə 5 mart tarixi «Bədən tərbiyəsi və idman günü» təsis edilmişdir. Bu günün təsis edilməsi ölkə başçısının idmana və idmançılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Respublikamızın paytaxtı Bakı şəhərinin çoxsaylı mötəbər turnirlərə ev sahibliyi etməsi, bunların sırasında I Avropa oyunları, Formula-1 Azərbaycan Qran Prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəylik Oyunları xüsusi olaraq qeyd edilmişdir. Ölkəmiz qeyd edilən yarışları yüksək səviyyədə təşkil etməklə dünya idman tarixində silinməz iz qoymuş, idman aləmində özünəməxsus yer almışdır. Qeyd etdi ki, ötən dövr ərzində rayon yeniyetmə və gəncləri arasında bədən tərbiyəsi və idmanın təbliği və inkişafı istiqamətində xeyli işlər görülmüş, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə idmanın ayrı-ayrı növləri üzrə bir çox turnirlər keçirilmişdir.

Festivalın rəsmi hissəsi bitdikdən sonra, idmanın kapoeyra və uşu növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirildi. Sonra proqrama müvafiq olaraq, populyar müğənnilərin ifasında musiqi proqramı təqdim edildi.

Festivalda Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev və Milli Məclisin deputatı Elşad Həsənov iştirak etdilər.

 

Festivalda Olimpiya çempionu Zemfira Meftahətdinova, yunan-roma güləşi üzrə I Avropa Oyunlarının qalibi, Dünya və Avropa Çempionatlarının mükafatçısı Elvin Mürsəliyev, ağırlıq qaldırma üzrə 4 qat Dünya, 7 qat Avropa çempionu, dünya rekordçusu Vüqar Namazov, kikboksinq üzrə 23 qat Dünya Çempionu, Əməkdar məşqçi Eduard Məmmədov və digər tanınmış idmançılar iştirak etdilər.

Tədbirdə bir qrup məşqçi və idmançı rayonun yeniyetmə və gəncləri arasında idmanın təbliğində göstərdiyi səmərəli fəaliyyətinə görə, habelə idmanda əldə etdiyi yüksək nailiyyətlərə görə və 5 mart-Bədən tərbiyəsi və idman günü münasibətilə Yasamal rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanı ilə təltif edildilər.

Festival 1 saat 10 dəqiqə davam etmiş, tədbirə rayon ərazisində fəaliyyət göstərən 2 nömrəli RİOEUGİM-nin, idman klublarının idmançıları, ali və orta ixtisas təhsil müəssisələrinin, orta ümumtəhsil məktəblərinin 1000 nəfərə yaxın yeniyetmə və gənci qatılmışdır.

Keçidlər