Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonunda Xocalı faciəsinin 27-ci ildönümü qeyd olundu

25 fevral 2019 | 11:00

Yasamal rayon İcra Hakimiyyəti rayonun Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə anım tədbiri keçirdi.

Tədbir başlamazdan öncə mərkəzin foyesində 4 saylı Uşaq İnkişaf Mərkəzinin və İncəsənət Gimnaziyasının şagirdlərinin rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova çıxış edərək bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal edib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan başlayaraq səhər saat 5-dək toplardan və ağır zirehli texnikalardan şiddətli atəşə tutulan şəhər darmadağın edilib və yandırılıb. Bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynindən və 130 uşaq valideynlərinin birindən məhrum olub. Eyni zamanda, 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 197 nəfər itkin düşüb, 1275 nəfər girov götürülüb, Xocalı şəhəri ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edilib. “Xocalı soyqırımına ilk dəfə siyasi qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilib. Hələ 1994-cü ildə ulu öndərin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib, fevralın 26-sı – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb”. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin xarici siyasi kursunda mühüm yer tutduğunu vurğuladı.

Xocalı rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri avini Ramilə çıxış edərək qeyd etdi ki, Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət!” beynəlxalq kompaniyasının əhəmiyyətini önə çəkdi. Kompaniya çərçivəsində Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə məqsədyönlü təbliğat tədbirləri həyata keçirilir, Azərbaycanın haqq səsi dünyaya çatdırılır.

Respublika Xocalı şəhid ailələri cəmiyyətinin sədri Mehriban Əliyeva öz çıxışında dedi: “1992-ci il fevralın 25-dən 26-na gecə Xocalıda ermənilər törətdikləri qırğınları xatırlamaq mənim üçün çox çətin və ağırdır. İyirmi yeddi il keçməsinə baxmayaraq, hələ də bu hadisələri ürəkağrısı ilə xatırlayıram. Həmin gecə ermənilər mənfur niyyətlərini həyata keçirdilər və xocalılara misli görünməmiş divan tutdular. Mən onların dinc və günahsız insanları necə vəhşicəsinə qətlə yetirdiklərini öz gözlərimlə gördüm”. Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu və yaddaşlardan heç vaxt silinməyəcəyini söylədi. O, Xocalı qətliamının təqsirkarlarının hələ də haqlı cəzalarını almadıqlarını bildirdi.

Sonra Xocalı soyqırımının dəhşətli gecəsini əks etdirən bədii kompozisiya və ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror hadisələrinə həsr olunmuş slayd nümayiş olundu.

Görüşdə iştirak edən rayon ərazisində məskunlaşmış Xocalı şəhid ailələrinin üzvləri ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş insanların, müharibə əlillərinin və bu döyüşlərdə şəhid olanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini vurğuladılar.

Sonda Yasamal rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşan Xocalı şəhid ailələrinə ərzaq yardımı paylanıldı.

Keçidlər