Şriftin ölçüsü :

Saytın rəngi :

“ İstiqlalın sönməyən çıraqları”- 20 Yanvar faciəsinin 29-cu ildönümü

19 yanvar 2019 | 11:00

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması idi. 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə Sovet ordusu Bakıda, respubli-kamızın digər şəhər və rayonlarında xalqımıza qarşı kütləvi qırğınlar törətdi, milli azadlıq mübarizəsi xalqımızı müstəqilliyə qovuşdurdu. İndi həmin tarixdən bizi 29 il ayırır.

Yasamal rayon İcra Hakimiyyəti M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş rayon tədbiri keçirdi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon idarə və müəssisə rəhbərləri, İctimai Birliklərin rayon təşkilatları, ictimaiyyətin nümayəndələri, 20 Yanvar şəhid ailələri və əlilləri, müəllimlər və şagirdlər iştirak etdilər.

Yığıncaq başlamamışdan öncə 20 Yanvar şəhidlərinin parlaq xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rəna Süleymanova vurğuladı ki, Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il ötür. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz tarixdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar rejimin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və ölkəmizin digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışdı. Qeyd etdi ki, o müdhiş gecədə günahsız insanların qanı axıdılıb, azadlıq yolunda Vətən övladları canlarını qurban veriblər. Əziz Əzizov 20 Yanvar hadisələri ilə əlaqədar ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bəyanatla çıxış etdiyini və günahsız insanlara qarşı törədilən bu amansız qətliama qarşı kəskin etirazını bildirdiyini, cinayətkarların cəzalandırılmasını qətiyyətlə tələb etdiyini diqqətə çatdırdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib. 20 Yanvarın tariximizin qanlı, həm də şanlı səhifəsi olduğunu deyən Əziz Əzizov bu hadisənin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu söylədi. Bu gün müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini, ölkəmizdə qazanılan nailiyyətlərin ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirdi. 20 Yanvar faciəsində Sovet silahlı cəza dəstələri tərəfindən 100 nəfərdən çox insanın öldürülməsi və 744 nəfərin yaralanması onu təsdiq edir ki, azadlıq və müstəqillik uğrunda gedən mübarizənin bütün mərhələlərində hər bir azərbaycanlı fədakarlıq göstərməyə, hətta ölümə belə hazır idi.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov öz çıxışında 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsi olduğunu vurğuladı.Bildirdi ki, böyük itkilərə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi ermənipərəst, satqın Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan xalqımızın mübarizliyini, əzmkarlığını, məğrurluğunu nümayiş etdirdi.

20 Yanvar şəhidi Şövkət Ağayevin qızı Sevinc Ağayeva 27 il sonra möhtərəm Prezident Cənab İlham Əliyevin sərəncamı ilə atasına 20 Yanvar şəhidi statusunun verilməsinə görə ölkə başçısına ailəsi adından minnətdarlığını bildirdi.

18 nömrəli məktəbin şagirdlərinin ifasında “ İstiqlalın sönməyən çıraqları” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin əziz xarirəsinə ehsan süfrəsi verildi, ruhlarına dualar oxundu. Həmçinin, rayon İcra Hakimiyyəti tərəfindən şəhid və əlil ailələrinə ərzaq yardımları paylandı.

Keçidlər