Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayonu üzrə “Pilot layihə” çərçivəsində 3-cü yaşayış binası sakinlərin istifadəsinə verildi

27 dekabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot layihə” kimi qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililər sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı ölkədə uğurla həyata keçirilir. Layihə yaşayış üçün yararsız və qəzalı olan, şəhərin görünüşünə xələl gətirən evlərin sökülərək on minlərlə sakinin daha çox yaşayış sahəsi və daha rahat həyat şəraiti ilə təmin etməklə yeni inşa ediləcək binalara köçürülməsini nəzərdə tutur.

27 dekabr tarixdə Yasamal rayonu üzrə üçüncü “Pilot layihə”li binanın açılış mərasimi keçirildi. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək tədbirdə iştirak edənləri və onların simasında Yasamal rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi. İcra başçısı bildirdi ki, bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu öndər Heydər Əliyevin azərbaycançılq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Ə.Əzizov həmçinin bir neçə gündən sonra vidalaşacağımız 2018-ci ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu bildirdi. Respublikamızın bu il də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atdığını xüsusi vurğuladı. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Yasamal rayonunda da yüksələn templə davam edib.

İcra başçısı Əziz Əzizov həmçinin bildirdi ki, dünən, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoydular. Sonra dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış oldular. Bu gözəl hadisə hər birimizin, xüsusən də Yasamal sakinlərinin əsl bayram sevincinə səbəb olaraq rayonumuz üçün 2018-ci ilin ən yaddaqalan hadisəsinə çevrildi.

Bu gün isə yeni ilin gəlişi ərəfəsində yeni binanın istifadəyə verilməsi Ulu öndər Heydər Əliyevin xalqının firəvan yaşamağını, gözəl həyat tərzi keçirməyini görmək istəməsinin təzahürüdür. Ümummilli liderin siyasətini uğurla həyata keçirən layiqli davamçısı dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində XIX əsrin sonları, XX əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir ki, istismar müddəti keçmiş, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülərək, yerində yeni, müasir evlərin tikilməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər bu gün Yasamal rayonunda da uğurla davam etdirilir. “Pilot layihə” çərçivəsində rayon ərazisində 18 qəzalı binanın sökülərək, yerində yeni evlərin tikilməsi nəzərdə tutulub. Hazırda layihədə nəzərdə tutulan 10 binanın tikinti işləri davam etdirilir. “Pilot layihə”nin əsas məqsədi orada yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması, təhlükəsizliyinin təmin edilməsidir. Həmçinin şəhərin xüsusən mərkəzi hissəsində yerləşən və görünüş cəhətdən xələl gətirilən həmin binaların tədricən sökülməsi və yerində müasir, yaşayış üçün tələb olunan məişət təminatlarını özündə əks etdirən yaşayış binalarının inşasını nəzərdə tutur. “Pilot layihə” yə görə həmin binalarda yaşayan sakinlər müvəqqəti olaraq başqa mənzillərə köçürülür, sahibkarlar tərəfindən mənzillər inşa olunduqdan sonra orada yaşayan əhali əlavə olaraq təqribən 15-20 faiz əlavə sahə ilə təmin edilirlər.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışında həmçinin bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli ”Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər barədə” Qərarının icrası ilə əlaqədar Yasamal rayonunda növbəti, A.M.Şərifzadə küçəsi 122 ünvanda 4 girişli 42 mənzildən ibarət qəzalı vəziyyətdə olan binanın sökülməsi və yeni yaşayış binasının tikintisi həyata keçirilmişdir. Tikintini həyata keçirən “Kristal Abşeron” MTK ilə sakinlər arasında bağlanmış müqavilə əsasında müəyyən müddətə kirayə mənzillərə köçürülmüş və binanın yenidən tikintisi başa çatdığı üçün bu gün istismara təhvil verilir. Hal- hazırda A.M.Şərifzadə küçəsi 122 ünvanda “Pilot layihə” çərçivəsində sökülərək yenidən inşa edilən 3 nömrəli, 2 girişli 16 mərtəbəli, 210 mənzilli binanın tikintisi başa çatdırılmış və sakinlərin istifadəsinə verilir.

Bu gün sakinlərə təhvil verilən bu yeni binanın ümumi sahəsi 11300 kvadratmetr təşkil edir. Optik sistemdə kabelləşən bu yeni binadakı 1, 2 və 3 otaqlı mənzillər hər biri tam təmirlidir. Binada Koreya dövlətindən sifarişlə gətirilmiş sərnişin və yük daşıma liftləri quraşdırılmış, həmçinin hər bir mənzil qaz, su və işıq sayğacları ilə təmin olunmuşdur. Bundan əlavə bina sakinləri üçün yeraltı avtodayanacaq və uşaq meydançasının salınması da nəzərdə tutulub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxışının sonunda bildirdi ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Pilot layihə” dövlətin vətəndaşına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Rəsmi hissədən sonra yeni binanın sakinlərinə mənzillərin açarları təqdim olundu. Sakinlər həyat tərzinin yaxşılaşdırılmasına, mənzil şəraitinin yüksək səviyyədə təminatına görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər